BİZNES

“İcazələrin ağartdığı” əmək müqavilələri

Karantin dövründə əmək müqavilələrinin sayının azalması gözlənilsə də, sistemdə qeydiyyata alınma kəskin artdı.

ENA.az xəbər verir ki, bu artım karantin dövründə iş icazələrinin alınması ilə bağlı olub. Belə ki, icazələr.gov.az-a müraciət edən şirkət rəhbərləri işçilərin işə çıxması üçün onları sistemə daxil edib. Elə təzadlar da bundan sonra ortaya çıxıb.

“ASAN Xidmət”in mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyevin sözlərinə görə, şirkətlər işçilər üçün icazə almağa başlayıblar. İlkin mərhələdə hamıya icazə verilib, amma sonradan əmək müqavilələri üzrə sistemə baxanda onların çoxunun müqaviləsi olmadığı aşkar edilib.

“Məlum oldu ki, 70 nəfərdən 20-sinin əmək müqaviləsi yoxdur və biz onların icazələrini ləğv etdik. Nəticədə 100 minə yaxın işçinin əmək münasibətləri rəsmiləşdi”, - deyə E. Niftəliyev bildirib.  

Qeyd edək ki, rəsmi məlumatlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb. Daha pozitiv məqam kimi onlardan 94 minə yaxını özəl sektorun payına düşür. Eyni zamanda bu dövr ərzində ölkə üzrə əməkhaqqı fondu 8 faiz, özəl sektorda əməkhaqqı fondu isə 12 faiz artıb.

Nazir Sahil Babayev də bu artımın əsasən qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə bağlı olduğunu qeyd edib. Yeni müqavilələrin əsasən hansı sahələr üzrə bağlanmasının təhlilinin aparılmasını, yeni bağlanan müqavilələrə post-karantin dövründə xitam verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən ciddi nəzarətin həyata keçirilməsini tapşırıb.

Hüquqşünas Xəqan Əliyev hesab edir ki, karantin həm də kölgə iqtisadiyyatının səviyyəsini görməyə imkan verib. Bu ilk növbədə qanunsuz əmək münasibətlərinə aiddir. “Kiçik ticarət mərkəzi, tikinti, istehsalat müəssisələri işçi sayını 10-15 nəfər göstərsə də real olaraq orada 50 nəfər işləyirdi. İcazələrlə hərəkət məhdudiyyyəti qoyulduğu üçün sahibkarlar məcbur qalıb işçiləri ilə əmək müqaviləsi bağladı”.

Hüquqşünas dövlət sektorundakı artımın ictimai işlərin artması ilə bağlı olduğunu düşünür.  

İqtisadi böhranla bağlı ixtisarlara gəlincə, X.Əliyev hazırda dövlətin mövqeyindən irəli gələrək iş yerlərinin qorunduğunu bildirib. “İxtisarlar qaçılmazdır. Xüsusən turizm sektorunda təbii olaraq, ixtisarlar olacaq. Azərbaycan turizm sənayesi yay turizmi şanslarını itirdi. Bu sektorda vəziyyət daha pisdir. Real iqtsadiyyatdan danışırıqsa, ixtisarlar olmadı”.

Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin açıqlamalarına görə, pandemiya dövründə dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması üçün müvafiq işlər aparılmış və həmin işlər indi də davam edir. Qeyri-dövlət sektoru üzrə işçilərin məşğulluğunun qorunması məqsədilə pandemiyanın ilk günlərindən işəgötürənlərlə bağlı ciddi iş aparılır. Onlara "Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən xəbərdarlıqlar olunub və bu sistem vasitəsilə də gündəlik nəzarət təmin edilir. Yəni bu işlər dövlət sektoru üzrə 925 min, qeyri-dövlət sektoru üzrə isə 735 min, ümumilikdə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yerinin və əməkhaqqı gəlirinin qorunmasına imkan verir.

Göründüyü kimi, dövlət öz növbəsində bütün rıçaklardan istifadə edərək, məşğulluğun qorunmasına çalışır. Lakin qarşıdakı aylarda iqtisadi böhranın davam edəcəyi və bu səbəbdən də ixtisarların olması qaçılmazdır. Hüquqşünas hesab edir ki, əmək müqavilələrinin rəsmiləşdrilməsi tempi iyun aylarında zəifləyəcək, çünki iş yerlərinin çoxu artıq rəsmiləşib. Qarşıdakı aylarda ixtisarların artması tendensiyası gözlənilir.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)