Sığorta

Evində qalanlar əmlak sığortası haqqında nə bilirlər? - HESABLAMA QAYDASI

Bütün dünya "Evdə qal", - deyə çağırış edir. Dünyanı bürümüş ən qorxulu xəstəlikdə sığınacaq yerimiz yalnız EVİMİZdir. Ona görə də evini, əmlakını vaxtında sığortalayanlar yəqin bu stressli günlərdə daha güvənlidirlər. Ümumiyyətlə, Azərbaycanda sığorta mədəniyyəti çox zəifdir və bunun sosial, iqtisadi səbəbləri çoxdur. Təkcə bir rəqəmi demək kifayətdir ki, sığorta haqqlarının ÜDM-dəki payı Avropada 16%-dək olduğu halda, ölkəmizdə heç 1 faizi ötmür.

Niyə icbari?

Sığorta əslində könüllülük əsasında olmalıdır, yəni insanlar, dövlətlər malik olduqları əmlakları, vəsaitləri sığortalayaraq gözlənilməz təhlükələr, formajorlar nəticəsində çəkdiyi zərərin qarşılığını geri alırlar.

Obrazlı şəkildə desək, sığorta şirkətləri forsmajorlar, təhlükələr, fəlakətlər olmasın deyə kainata müsbət mesaj göndərən mələklərdir, məqsədləri də budur ki, heç kimin əmlakı, vəsaiti batmasın ki, aldıqları sığorta haqqlarını gəlirə çevirsinlər.

Dünyada ticari əlaqələr, əmlak sahibliyi, vəsaitlərin yerləşdirildiyi banklar məkan baxımından o qədər müxtəlifləşib, harda nə baş verəcəyi ehtimalları o qədər anidir ki, sığorta hər yerdə bir zərurətə çevrilib.

Bizdə necə? Təbii ki, eyni vəziyyətdir, yəni biz azərbaycanlılar Allahın bacısıoğlu deyilik və həyatımız, əmlakımız da yuxarıda xüsusi himayəyə götürülməyib. Zəlzələ nəticəsində evlərin uçması, kəndlərin sel suları altında qalması, böyük ticarət mərkəzlərinin yanması və nəticədə sahibkarlara dəyən maddi ziyanın milyonlarla ölçülməsi faktları yaxın keçmişlərdə baş verib. Bu isə onu göstərir ki, sığorta sistemində ciddi dəyişikliklərə, islahatlara ehtiyac var və bu islahatlar ilk növbədə şüurumuzda - sığortaya baxışdan başlamalıdır.

İndi dünyanın sivil ölkələrində adi vərdişlərə çevrilmiş sığorta növləri Azərbaycanda işləmir deyə hökumət, məsələn əmlak sığortasını  məcburi formada tətbiq edir ki, bəlkə öyrənək və anlayaq ki, bu çox lazımdır.

 

Əmlak sığortası hansı təminatları verir?

Qanun deyir ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi daşıyır.

Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, eləcə də istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, bütün növ xarici, yaxud daxili mala, suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir (istinad https://asan.gov.az/az/service/asan-xidmetler/funksional-yardimci-xidmetler/sigorta-xidmetleri/dasinmaz-emlakin-icbari-sigortasi ).

Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud digər formada itkisi sığorta hadisəsi hesab olunur:
 

  • yanğın, ildırım düşməsi;
  • məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
  • elektrik naqillərində baş verən qısa qapanma;
  • buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
  • su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
  • hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
  • yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
  • təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
  • üçüncü şəxslərin hərəkətləri. 

 

İstisnalar nələrdir?

İcbari sığortaya cəlb olunmayan tikililər bunlardır: sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan, özbaşına tikinti sayılan daşınmaz əmlak.

Bu hallarda əmlakın zədələnməsi, məhv olması və yaxud hər hansı formada itkisi sığorta hadisəsi hesab olunmur:

sığortalanan şəxsin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan hərəkətlər nəticəsində əmlaka zərərin dəyməsi;

hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, dəyişdirilməsi və.s.

qrunt sularının səviyyəsinin dəyişməsi nəticəsində əmlaka zərər vurulması;

suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması zamanı əmlaka zərər vurulması.

 

Məsuliyyətin sığortası da icbaridir

Əsas qaydaları yuxarıda sadaladıq. İcbari Sığorta Bürosunun məlumatına görə, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binaları və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası isə “İcbari sığortalar haqqında” Qanunun Xüsusi bölməsinin 3-cü fəslində nəzərdə tutulub.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən, həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

Bu məqsədlər üçün əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür.

Yuxarıda sadaladığımız hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası da icbaridir.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür.

 

Bəs, sığorta etdirmək nə qədər sərfəlidir? 

İndi gəlin baxaq, əmlakın sığortası nə qədər sərfəlidir? Bunu həm yaşayış yerinin, həm də sahibkarlıq obyektlərinin nümunəsində hesablayaq.

Məsələn, Bakıda yaşayış evinin illik sığorta haqqı 50 manatdı. Sığorta məbləği isə maksimum 25 min manat təşkil edir. Sığorta hadisəsi baş verərsə, yəni tutaq ki evə 1000 manatlıq zərər dəyib. Bu 1000 manatın 750 manatını sığorta şirkəti, 250 manatını isə sığorta etdirən ödəyir. Və ya 25 min manat zərər hesablanıbsa sığorta ödənişi (https://isb.az/sigorta-kalkulyatoru/) bu cədvəldəki kimidir:

Sığorta məbləği

Azadolma məbləği

İllik sığorta haqqı

25 000.00  

250.00

50.00

25 000 – 250  (azadolma məbləği - müştərinin öhdəliyində qalan bir məbləğdir) = 24 750 manat olacaq.

Deməli, bu halda Bakıda sığorta hadisəsi zamanı zərərçəkən şəxs sığorta şirkətindən 24 750 manat pul alacaq.

 

İndi isə İcbari Sığorta Bürosundakı Daşınmaz əmlak kalkulyatorundan istifadə edib 4-5 mərtəbəli ticarət mərkəzinin sığorta haqqını hesablayaq. Tutaq ki, ticarət mərkəzinin bazar dəyəri 25 000 000 manatdır.

Hesablama aparsaq, nəticələr belədir:

Sığorta məbləği

Azadolma məbləği

İllik sığorta haqqı

25 000 000

2 500

40 000

 

İllik rəqəm əlbəttə, nəzərəçarpandır. İndi gəlin, hesablayaq, bu qədər sığorta məbləğini ödəmək sərfəlidirmi?

25 min manatı illik 50 manata və 25 milyon manatı illik 40 min manata bölsək, neçə illik sığorta edir?

25 000: 50 = 500 il

25 000 000: 40 000 = 625 il

Yəni, sığorta etdirdiyiniz yaşayış evidirsə, sığorta hadisəsi nəticəsində ala biləcəyiniz 25 min manatı siz yalnız 500 il ərzində ödəsəniz sığorta şirkətinin “borcunu” bağlaya bilərsiniz”. Halbu ki, bu vəsait sizə qarşılaşdığınız zərərin təminatı olaraq birdəfəlik verilir və siz geriyə heç bir ödəniş etmirsiniz.

Eləcə də 625 il hər il 40 min manat ödəsəniz, 25 milyon manat edir. Bu isə onu göstərir ki, sığorta etdirmək sərfəlidir və bu sahibkarı, eləcə də, hər bir əmlak sahibini riskdən qormağın ən yaxşı yoludur.  

Ümumiyyətlə, icbari sığorta müqaviləsinin bağlanmamasına görə hansı cərimələrin tətbiq olunması İnzibati Xətalar Məcəlləsinin 569-cu maddəsi ilə tənzimlənir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. 

Düzdür, Azərbaycanda bu sahədə cərimə mexanizmləri şəffaf deyil və tam riayət olunmur, ancaq bu sığortanın vacibliyini şübhə altına salmır.

 

Sığortanın sosial əhəmiyyəti böyükdür

Ölkədə keçən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında baş verən məlum zəlzələ, istərsə də ümumiyyətlə, son vaxtlar bir sıra ticarət obyektlərində yanğın və sair kimi hadisələr mülkiyyəti sığortalamağın nə qədər vacib olduğunu bir daha aktuallaşdırdı.

Məsələn, inkişaf etmiş ölkələrdə hər hansı ticarət obyektində və yaxud mərkəzində yanğın baş verdikdə bütün maliyyə yükünü sığorta şirkətləri daşıyır ki, hər şey qabaqcadan onlar tərəfindən sığortalandığı üçün kompensasiya ödənişi cabahdehlik həmin şirkətlərin üzərinə düşür.

Zəlzələ və yaxud digər növ təbii fəlakət nəticəsində də evlərə ziyan dəydiyi halda maliyyə sarıdan sığortaçılar köməyə gəlir.

 

Daşınmaz əmlakın mühərriki olmursa...

Məsələ bundadır ki, daşınmaz əmlakın icbari sığortasına görə inzibati məsuliyyət hələ 2011-ci ildə - doqquz il bundan əvvəl qəbul olunan qanunda öz əksini tapıb. Və ötən doqquz il ərzində həmin inzibati qaydada məsuliyyət heç kimə tətbiq edilməyib. Üstəlik, elan edilmiş və hazırda qüvvədə olan sığorta məbləğlərinin fərqləndirilməsinin dəqiq meyarları belə yoxdur.  

İqtisadçı Pərviz Heydərov haqlı olaraq belə bir sual qoyur: Əmlakın qiyməti, dəyəri bəlli olmadan standart olaraq Bakıda 50, Sumqayıt, Gəncə və Naxçıvanda 40, digər yerlərdə 30 manat sığorta haqqı hansı məntiqə əsaslanır? Avtomobillər üzrə icbari sığorta mühərrikin həcminə görə diferensiallaşdırılmış şəkildə yığılır. Daşınmaz əmlakın mühərriki olmursa da, sahəsi və dəyəri var axı... 

Sığortanın 3 əsas sosial iqtisadi rolunun olduğunu deyən Mərkəzi Bankın sədri E.Rüstəmov buraya əhalinin və biznesin iqtisadi təhlükəsizliyi, əhalinin sosial müdafiəsinin təmin edilməsi və iqtisadiyyatın uzunmüddətli investisiya mənbələri ilə təmin olunmasını daxil edir. “Hesab edirəm ki, biz bu işi çox ciddi təşkil etməliyik. Bütövlükdə burada görülməli işlər həddindən artıq çoxdur”, deyən E.Rüstəmov Mərkəzi Bankın indiki mandatında da sığorta işinə nəzarət mühüm yer tutduğunu bildirib.  

P.S. İndi evdə qalıb bu koronavirus pandemisyasından sağ çıxmağa çalışaq, sonra sərvətimizin mühüm bir hissəsi olan əmlakımızı dəyərləndirib sığortalayaq ki, içində can sağlığı ilə rahat yaşayaq və ya biznes vasitəsi kimi ondan yaxşı pul qazanaq.

İlhamə XANLARQIZI

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)