“Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” hansı işləri görəcək?
Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanının icrası olaraq, Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmaqla, Observatoriyanın Nizamnaməsi və strukturu təsdiq edilib.
Nazirlikdən verilən məlumata görə, nizamnaməyə uyğun olaraq, Observatoriya əmək bazarı və sosial müdafiə sahələrində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanması və həyata keçirilməsində iştirak edəcək.
Əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi bu publik hüquqi şəxsin əsas vəzifələri sırasındadır.
Observatoriya iqtisadi fəal əhalinin, məşğulluğun və işsizliyin kəmiyyət tərkibinin və keyfiyyət göstəricilərinin müasir vəziyyətini, onların dəyişilməsinə təsir göstərən sosial-iqtisadi şəraiti təhlil edəcək. Bu əsasda cari və perspektiv proqnozlar hazırlayacaq. İqtisadiyyatın rəqabətə davamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələbləri müəyyənləşdirəcək.
Qurum əmək bazarının müxtəlif seqmentlərində tələb və təklif arasında uyğunsuzluğun müəyyən edilməsi və aradan qaldırılması üçün monitorinqlər və sorğular aparacaq. Onların nəticəsindən asılı olaraq təkliflər, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbat üzrə qısamüddətli, ortamüddətli və üzunmüddətli proqnozlar hazırlayacaq.
Qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində fəaliyyətin təkmilləşdirilməsi üçün təkliflərin, eləcə də sosial müdafiə, demoqrafiya sahəsi ilə bağlı proqnozlar və səmərəli qərarların qəbul edilməsi üçün təkliflərin hazırlanması Observatoriyanın vəzifələrinə daxildir.