Bakını qatı duman bürüməsinin səbəbləri açıqlanıb
Bakıda qatı duman müşahidə olunmasının səbəbləri açıqlanıb.
ENA.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bir neçə gündür ölkədə dekabr ayı üçün anomal hava şəraiti müşahidə edildiyini və temperatur rejiminin çoxillik normadan 4-5 dərəcə yüksək olduğunu deyib.
O qeyd edib ki, hazırda müşahidə olunan duman gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır: “Bu duman havanın rütubətliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteoroloji hadisədir. Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif kükəklərlə quruya doğru yayılır. Adətən günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir. Hazırda müşahidə edilən zəif cənub-şərq küləyi sabah şimal küləyi ilə əvəz olunacaq və nəticədə duman ehtimalı azalır”.
U.Tağıyeva bildirib ki, əhali narahat olmasın, müşahidə olunan duman smoq, yəni havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsi deyil.