Fakultətiv təkrarsığorta
Sözün izahı
Təkrarsığortaçının fərdi qaydada təklif olunan risklərin qəbul olunmasında və ya bundan imtina etməsində səlahiyyətli olduğu təkrarsığorta.
Misal:
A sığortaçı bir inzibati binanı yanğın, subasma, zəlzələ, üçüncü şəxslərin qanunazidd əməlləri və digər bu kimi risklərdən sığortalamışdır. O, fakultətiv təkrarsığorta təminatı almaq üçün B təkrarsığorta şirkətinə müraciət edir. Əgər B təkrarsığortaçı obliqator təkrarsığorta formasında müəyyən müddət, məsələn bir rüb ərzində təqdim olunan bütün oxşar riskləri avtomatik (bir-bir nəzərdən keçirməməklə kütləvi şəkildə) təkrarsığorta edirdisə, fakultətiv təkrarsığorta müqaviləsi zamanı isə hər hansı predmetlə, məsələn yaşayış binası ilə bağlı təqdim olunan riskləri ayrıca nəzərdən keçirir və bu risklərin sığortalanmış olduğu sığorta müqaviləsi üzrə ayrıca təkrarsığorta müqaviləsi bağlayır (və ya riskin xarakterindən asılı olaraq təkrarsığortalamaqdan imtina edir).
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad
Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
maddə 890.8:
Hər bir riskin ayrılıqda qiymətləndirilməsinə əsasən onun təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığortanın forması.
Beynəlxalq təcrübədən nümunə
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 28:
Fakultətiv təkrarsığorta(eng.- facultative reinsurance) – bənd-bənd həyata keçirilən, riskin təkrarsığortaçı tərəfindən diqqətlə öyrənilməsindən sonra qəbul edildiyi və ya imtina edildiyi təkrarsığorta.