Kreditlərdə faiz belə hesablanacaq
Xəbər verdiyimiz kimi, artıq problemli kreditləri olan müştərilər Maliyyə Bazarlarına Nəzarət Palatasının saytına daxil olaraq kompensasiya məbləğini sorğulaya bilir. Bu zaman müştəriləri maraqlandıran suallardan biri də qalıq borc məbləğinin necə qaytarılması ilə bağlıdır.
"Businessinsider.az"ın məlumatına görə, borcun xarici valyuta və ya manatla alınmasından asılı olmayaraq, 2012-ci il yanvar 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə ödənişi 360 gündən çox gecikdirilmiş kreditlərin restrukturizasiyası fərmanda nəzərdə tutulub. Həmçinin 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə milli valyutada əsas borcun qalıq məbləğinin cəmi 17 000 manatadək, xarici valyutada əsas kredit məbləği 10 000 (on min) ABŞ dollarından artıq olmayan və 360 gündən çox gecikdirilmiş kreditlər restrukturizasiya olunacaq.
Eyni zamanda, fərmana əsasən kreditlərin restrukturizasiyası 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə ödəniş müddəti 360 gündən çox gecikdirilmiş kreditlər üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsini və həmin kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə (1 il güzəşt müddəti ilə) verilən yeni kreditlə əvəzlənməsinə dair bankla fiziki şəxs arasında yeni kredit müqaviləsinin bağlanmasını nəzərdə tutur.
Yəni, əgər müştərinin 17 min manatdan az qalıq borcu qalıbsa, həmin müştəri banka və ya əgər bank və ya kredit təşkilatı ləğv olunubsa, onun ləğvedicisinə müraciət edib 1 ildən 5 il müddətə illik 1 faiz olmaqla kredit müqaviləsi bağlaya bilər.