«Kölgə iqtisadiyyatı»nın ən böyük mənbələrindən biri qeyri-leqal əməkhaqqıdır”- MÜSAHİBƏ
«Kölgə iqtisadiyyatı»nın aradan qaldırılması, şəffaflığın artırılması məqsədilə vergi və gömrük sahəsində həyata keçiriləcək islahatlar gündəmin əsas mövzularından birinə çevrilib. Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından sonra bu mövzu bir qədər də aktuallaşıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili ölkə iqtisadiyyatında müsbət yeniliklər vəd edən islahatlardan, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin «kölgə iqtisadiyyatı»nın azaldılmasına mümkün təsirlərindən danışıb.
"Bİ" həmin müsahibəni təqdim edir:
- Cənab Prezident Nazirlər Kabinetinin iclasındakı çıxışında vurğuladı ki, əsas məqsədimiz «kölgə iqtisadiyyatı»nın aradan qaldırılması, şəffaflığın təmin edilməsi, uçot sisteminin daha da təkmilləşdirilməsinə nail olmaqdır. Siz bu istiqamətdə görülən işləri necə dəyərləndirirsiniz?
- Tamamilə doğru yanaşmadır. Hazırda Azərbaycan dünyanın ən rəqabət qabiliyyətli 35 ölkəsindən biridir. Bu o deməkdir ki, artıq biz Avropanın inkişaf etmiş ölkələri ilə rəqabət aparmaq gücündəyik. Həmin ölkələrin siyahısına baxsaq, görərik ki, bunlar kifayət qədər inkişaf etmiş, rəqabət qabiliyyətli və eyni zamanda daha şəffaf iqtisadiyyata malik olan ülkələrdir. Məhz bu cəhətdən, hazırda Azərbaycan iqtisadiyyatı qarşısında duran əsas məsələlər şəffaflığın daha da artırılması, ən yeni müasir texnologiyanın tətbiq olunması, uçot sisteminin düzgün aparılması və «kölgə iqtisadiyyatı»nın payının getdikcə azaldılmasıdır. Müşavirədə həm cənab Prezident,
həm də vergilər naziri öz çıxışlarında vergilərin toplanmasında təşviq mexanizmlərinə üstünlük veriləcəyinə dair çox ciddi mesajları ictimaiyyətə çatdırdılar. Bu, sahibkarların özləri üçün də kifayət qədər maraqlıdır. Düzdür, indiyə qədər Azərbaycan iqtisadiyyatının bir çox sektorlarında təşviq mexanizmləri olub.
Hazırda ixracda və istehsalda da bu mexanizmlər mövcuddur. Amma vergilərin toplanması və inzibatçılıq sistemində təşviq mexanizmlərinin yaradılması ilk dəfə olaraq tətbiq olunacaq. Düşünürəm ki, bu mexanizmlər ölkədə uçot sisteminin daha da şəffaflaşmasına, «kölgə iqtisadiyyatı»nın aradan qaldırılmasına, vergi yükünün azaldılmasına və nəticədə büdcə gəlirlərinin artmasına gətirib çıxaracaq.
Bütün bunlar, təbii ki, son nəticədə Azərbaycan vətəndaşlarının sosial təminatının güclənməsinə, əhalinin rifahının daha yüksək səviyyədə təmin olunmasına imkan verəcək.
- Şəffaflığın təmin edilməsi eyni zamanda Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətinin daha sıx şəkildə əlaqələndirilməsi və idxal-ixrac əməliyyatlarına nəzarətin qurulması məsələrini də əhatə etmiş olur...
- Doğrudur, vergi və gömrük fiskal siyasətin kifayət qədər önəmli bir hissəsidir. Vergi və gömrük siyasəti yalnız vergi ödənişləri və gömrük rüsumları yığmaqdan ibarət deyil, eyni zamanda iqtisadiyyatın təşviq olunması, mövcud potensialın hansı istiqamətdə inkişaf etdirilməsi ilə bağlı xüsusi bir effektiv mexanizmdir ki, bundan daha təsirli istifadə olunmalıdır. Bu baxımdan, hər iki sahədə şəffaflıq, koordinasiyalı fəaliyyət önəmli nəticədir. İkinci bir vacib məsələ ayrı-ayrı dövlət oqranları arasında koordinasiyanın qurulması və məlumat bazalarının inteqrasiyasıdır. Bu da çox mühüm məsələdir. Çünki çarpaz müqayisələr aparılmadan, informasiyaların bir-biri ilə əlaqəsi və inteqrasiyası olmadan hər hansı məlumatın doğruluğunu müəyyənləşdirmək üçün böyük xərc tələb olunur. Bu nöqteyi-nəzərdən, vergi və gömrük orqanları arasında olan informasiya mübadiləsi ilə bağlı cənab Prezidentin imzaladığı fərman və həmin fərmanın müddəalarının yerinə yetirilməsi istiqamətində vergi və gömrük orqanlarının birgə səy göstərməsi çox təqdirəlayiq haldır.
Bunun ikinci bir mühüm tərəfi də var: müasir dövrdə informasiya və şəffaflıq bütün sahibkarlar üçün bərabər şəraitin təmin olmasına zəmin yardır.
- Yeri gəlmişkən, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər də özündə belə bir istiqaməti ehtiva edir. Əsas istiqamətlər Nazirlər Kabinetinin sonuncu iclasında səsləndirildi. Bəs, parlamentdə bu sənədin müzakirəsi nə vaxta gözlənilir?
- Adətən, Vergi Məcəlləsinə edilən dəyişikliklərin hüquqi qüvvəyə minməsi yeni ilin əvvəlində olmalıdr. Çünki bu zaman uçot və hesabat dövrü başa çatır və artıq yanvardan etibarən yeni hesabat dövrü başlayır. Ona görə də düşünürəm ki, Vergi Məcəlləsinə dəyişikliklər paketi böyük ehtimalla yaxın həftələrdə Milli Məclisə daxil olacaq. Təklif olunan dəyişikliklər parlamentdə müzakirəyə çıxarılıb qəbul edildikdən sonra ölkə başçısına təqdim olunacaq. Məcəlləyə dəyişikliklər Prezident tərəfindən təsdiq edilərsə, yanvar ayından qüvvəyə minəcək. Yeri gəlmişkən, sahibkarlar da bu dəyişiklikləri səbrsizliklə gözləyirlər. Çünki artıq ölkədə qeyri-neft sektorunun inkişafı, dövlətin bu sahəyə dəstəyi sahibkarlar arasında da vergi islahatlarına həvəs və maraq oyadıb. Yəni, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər, yeni vergi mexanizmləri də bu inkişafı dəstəkləyən bir sosial tələb yaradıb.
Eyni zamanda, xeyli müddətdir bu sahədə müəyyən addımlar atılır, analizlər və təhlillər aparılır. Bu, əslində, o deməkdir ki, nəzərdə tutulan dəyişikliklər daha əhatəli, daha çox təhlil olunmuş, həm də gələcəyə yönəlik bir qərar olacaq. Çünki vergi sistemində həyata keçirilən hər bir dəyişiklik sonrakı mərhələlərdə iqtisadiyyata investisiyaların qoyulmasına, xarici investorların ölkəmizə marağının artmasına və istehsalla bağlı verilən qərarların hansı müddəti əhatə etməsinə ciddi təsir edir. Ona görə də, düşünürəm ki, yeni islahatlar təşviqedici xarakter daşımaqla, eyni zamanda sahibkarlara daha çox gələcəyə yönəlik investisiyalar qoymaq, istehsalı və ixracı artırmaq üçün yeni bir mühitin yaranmasına xidmət edəcək. Hesab edirəm ki, yaxın vaxtlarda parlamentdə müzakirə olunacaq bu dəyişikliklər iqtisadiyyatın inkişafında yeni bir mərhələ olacaq.
Yeri gəlmişkən, əməkhaqqının leqallaşması ilə bağlı cənab Prezidentin imzaladığı ayrıca bir fərman da var. Heç kəsə sirr deyil ki, Azərbaycanda «kölgə iqtisadiyyatı»nın yaranması və inkişaf etməsinin ən böyük mənbələrindən biri məhz qeyri-leqal əməkhaqqıdır. Beynəlxalq təcrübə də göstərir ki, bütün dünyada «kölgə iqtisadiyyatı»nda əsas rolu qeyri-leqal əməkhaqqı oynayır. Bu baxımdan, Azərbaycanda əməkhaqqının leqallaşdırılması ilə bağlı görülən və görüləcək hər bir tədbir bütövlükdə ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, bu tədbirlərdən biri vergilərin azaldılması və yaxud vergi dərəcələrinin dəyişdirilməsi ilə bağlıdır. Düzdür, bu sahədə müxtəlif inzibati metodlar tətbiq olunur, dövlət nəzarəti həyata keçirilir. Amma təcrübə göstərir ki, inzibati nəzarət tədbirləri ilə yanaşı, təşviq mexanizmlərinə də böyük ehtiyac var.
Əməkhaqqının leqallaşmasında sahibkarlar özləri də maraqlı olmalıdırlar. Eyni əməkhaqqına tətbiq olunan vergi dərəcələri mənfəət vergisi dərəcəsinə uyğunlaşdırılmalıdır. Ona görə də daha çox gəlir əldə etmək istəyən sahibkarların bununla bağlı öz qərarları olmalıdır. Həmçinin insanlar arasında da belə bir təşviq mexanizmləri yaranmalıdır. Çünki qeyri-leqal əməkhaqqı sonradan insanların gələcək pensiya və sosial təminatında böyük çətinliklər, maneələr yaradır. Bu baxımdan, əməkhaqqına vergi dərəcələri ilə bağlı
Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər yalnız iqtisadi məsələ deyil, eyni zamanda, böyük bir sosial layihədir. Hesab edirəm ki, bu dəyişikliklə əməkhaqqının leqallaşması istiqamətində mühüm irəliləyişə nail olmaq mümkündür.
© Azad Azərbaycan