MALİYYƏ

Neft nəhənglərinin gəlirləri 1,6 trilyon dolları aşıb

Dünyanın investorlara açıq  ən böyük 12 neft şirkətinin cəmi gəliri, keçən il 2017-ci illə müqayisədə 19,5 faiz artaraq 1 trilyon 693 milyard dollar olub.

12 neft şirkətinin balanslarından toplanan məlumatlara görə, ABŞ-ın ExxonMobil, Chevron, ConocoPhillips, Halliburton, Schlumberger və Baker Hughes, Hollandiyanın Royal Dutch Shell, Böyük Britaniyanın BP, Fransanın Total, İtaliyanın Eni, Rusiyanın Rosneft və Norveçin Equinor-un ümumi  gəliri və xalis mənfəət 2018-də bir əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Sözügedən şirkətlərin keçən ilki cəmi xalis mənfəəti də 2017-ci illə müqayisədə 73,7% artaraq 116,74 milyard dollara çatıb. Bu şirkətlər 2017-də cəmi 67,22 milyard dollar xalis mənfəət əldə etmişdilər.

Həmçinin 12 neft nəhənginin 2017-də əldə etdiyi 1 trilyon 417 milyard dollarlıq ümumi gəliri də keçən il 19,5 faiz artımla 1 trilyon 693 milyard dollara yüksəlib.
 

ƏN YÜKSƏK GƏLİR VƏ MƏNFƏƏTİ SHELL ƏLDƏ EDİB

Neft nəhəngləri arasında keçən il ən çox mənfəət əldə edən şirkət 23,35 milyard dollarla Royal Dutch Shell olub. Bu şirkətin ardınca, 20,84 milyard dollarla ExxonMobil və 14,82 milyard dollarla Chevron gəlir.

Həmçinin ötən il ümumi gəliri ən yüksək şirkət 388,4 milyard dollarla yenə Shell olub. Növbəti yerləri 298,76 milyard dollarlıq cəmi gəlirlə BP və 290 milyard dollarlıq cəmi gəlirlə ExxonMobil tutur.

Neft şirkətlərinin gəlirlərinin və xalis mənfəətlərinin artmasına qlobal bazarda xam neft qiymətlərinin qalxması səbəb olub.

Dünya üzrə ən geniş istifadə edilən Brent tipli xam neftin barrel qiyməti, keçən il 2017-ci illə müqayisədə 31,5 faiz artımla orta hesabla 71,19 dollara yüksəlib. 2017-də Brent neftin bareli orta hesabla 54,15 dollar olmuşdu.

ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftin barrel qiyməti də həmin dövrdə orta hesabla 50,79 dollardan 65,06 dollara yüksələrək 28,1 faiz artım qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)