Avtomobil

Volkswagen 100 min əməkdaşın əmək şərtlərini yenidən müzakirə edəcək

Almaniyanın avtomobil istehsalçısı Volkswagen iqtisadi çətinliklər və artan rəqabət fonunda təxminən 100 min əməkdaşı əhatə edən kollektiv əmək müqavilələrini ilin sonunda ləğv edəcək.

ENA.az xəbər verir ki, şirkət IG Metall həmkarlar ittifaqı ilə bağlanmış bir sıra kollektiv müqavilələrə xitam verəcəyini açıqlayıb. Müvafiq müqavilələr arasında Almaniyadakı əsas zavodlarda çalışan təxminən 100 min işçinin iş saatları, məzuniyyət ödənişləri və digər əmək şərtlərini tənzimləyən çərçivə sazişi də var.

Volkswagen qərarın əsas səbəbləri kimi avtomobil sənayesindəki çətin bazar şəraitini və xüsusilə Çin istehsalçılarının Avropa bazarında artan rəqabətini göstərib. Şirkət xərcləri azaltmaq və rəqabət qabiliyyətini qorumaq üçün yeni danışıqlar üçün imkan yaratmaq niyyətindədir.

Şirkət bununla yanaşı, iş yerlərinin qorunmasını nəzərdə tutan ayrıca kollektiv müqavilənin ləğv edilən sazişlərə daxil olmadığını bildirib. Mövcud müqavilələr yeni razılaşma əldə edilənədək qanunvericiliyə uyğun olaraq qüvvədə qalacaq. Tərəflərin danışıqları oktyabrın ikinci yarısında davam etdirməsi gözlənilir.

Volkswagen 2024-cü ildə əldə olunan razılaşma çərçivəsində 2030-cu ilədək iş yerlərinin qorunması müqabilində 35 minə qədər iş yerinin ixtisarını nəzərdə tutan plan üzərində razılığa gəlmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)