Mikayıl Cabbarov: "Yüksək enerji qiymətlərinə baxmayaraq, ARDNF-dən büdcəyə transfert azaldılır"
Bu il enerji qiymətlərinin rekord həddə çatmasına, proqnozların hələ də çox yüksək olmasına baxmayaraq, gələn il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin məbləği bu illə müqayisədə az olacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində keçirilən panel müzakirədə çıxışı zamanı bildirib.
"Başqa sözlə, biz əks-tsiklik siyasət yürüdürük", - deyə o qeyd edib.
M.Cabbarovun sözlərinə görə, dayanıqlı inkişafı şərtləndirən ikinci vacib faktor maliyyə buferlərinin mövcudluğudur: "Azərbaycan təkcə 2026-cı ildə deyil, 2022-ci ildə də təsirə məruz qaldı, çünki biz bu regionda yaşayırıq və bir-birimizlə qarşılıqlı əlaqədəyik. Lakin buferlər bizə inkişaf kursunu qoruyub saxlamağa imkan verdi"
Prioritet sahələrə diqqətin yönəldilməsini qeyd edən nazir, rəqəmsallaşma və sənayeləşmənin əsas hədəflər sırasında olduğunu bildirib: "Rəqəmsal keçidlə bağlı milli strategiyanın qəbulu, Birinci vitse-prezidentin sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması - bütün bu addımlar ona görədir ki, biz bunun həm ümumi iqtisadi məhsuldarlığa, həm də hər bir fərdin məhsuldarlığına gətirib çıxardığına inanırıq".


















