Dünya Bankı Azərbaycanın Transxəzər marşrutu üçün investisiyaya ehtiyacını qiymətləndirib
Dünya Bankı 2040-cı ilə qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) potensialının açılması üzrə layihələrin reallaşdırılması üçün Azərbaycanın investisiya ehtiyacını 1,16 milyard ABŞ dolları qiymətləndirib.
Bu barədə Dünya Bankının "İnteqrasiya: Transxəzər nəqliyyat marşrutu boyu yüksək səviyyəli ticarət logistikası" adlı hesabatına istinadən xəbər verilir.
İnvestisiya portfeli üç əsas istiqaməti əhatə edir. Birinci istiqamət 260 milyon ABŞ dolları vəsait tələb edən Bakı-Ələt-Böyük Kəsik dəmir yolu xəttinin modernləşdirilməsinin başa çatdırılmasıdır. Xətti infrastruktur kateqoriyasına aid olan bu layihə artıq icra mərhələsindədir və özəl investorların iştirakı olmadan qısamüddətli dövrə yönəldilib. İşlər çərçivəsində ölkə ərazisində TBNM-in əsasını təşkil edən magistralda yenilənmiş elektrikləşdirmə sisteminin tətbiqi və siqnal avadanlığının modernləşdirilməsi nəzərdə tutulub.
İkinci istiqamət milli quru limanları (Dry Ports) şəbəkəsinin formalaşdırılması ilə bağlıdır, bunun üçün 300 milyon ABŞ dolları tələb olunacaq. Qovşaq infrastrukturuna aid olan bu layihə ilkin texniki-iqtisadi əsaslandırma (TİƏ) mərhələsindədir və yaxın perspektiv üçün nəzərdə tutulub. "Azərbaycan Dəmir Yolları" (ADY) QSC ilə tərəfdaşlıq çərçivəsində özəl kapitalın cəlb edilməsi planlaşdırılır. Layihə çərçivəsində Böyük Kəsik sərhəd-keçid məntəqəsində (TBNM-in Qara dəniz və Türkiyə istiqamətində qolu), Bakıda (Bakı Limanının genişləndirilmiş terminalı kimi), həmçinin TBNM-in Azərbaycan və Ermənistan ərazisindən keçməklə Karsa yeni marşrutunu təmin edəcək cənub logistika qovşağında quru limanların tikintisi nəzərdə tutulur.
Üçüncü istiqamət 600 milyon ABŞ dolları əsaslı vəsait qoyuluşu ilə Bakı-Ələt-Böyük Kəsik xəttinin buraxılış və yükgötürmə qabiliyyətinin perspektivdə artırılmasını nəzərdə tutur. Layihə ilkin TİƏ mərhələsindədir və özəl sektor cəlb edilmədən TBNM-in artan yük axını həcmlərinə xidmət etmək məqsədilə ortamüddətli dövrə (2030-cu illər) planlaşdırılıb. Ümumilikdə, TBNM-in tamhüquqlu iqtisadi dəhlizə çevrilməsi üçün tələb olunan prioritet müşayiətedici investisiyaların məbləği 2040-cı ilə qədər 30,5 milyard ABŞ dolları qiymətləndirilir.


















