Bankların aktivləri böyüyür, kapital isə geridə qalır: RİSK VARMI?
Azərbaycan bank sektorunda aktivlərin həcmi 62,5 milyard manatı keçib. Lakin bu böyümənin hansı hissəsinin bankların öz kapitalı hesabına, hansı hissəsinin isə cəlb edilmiş vəsaitlər hesabına maliyyələşdiyi sektorun dayanıqlığı baxımından daha vacib sualdır. Mərkəzi Bankın son statistikası göstərir ki, bankların aktivləri və öhdəlikləri kapitaldan daha böyük sürətlə böyüyür. 2027-ci ildən qüvvəyə minəcək yeni kapital tələbləri fonunda bu dinamika daha da diqqət çəkir.
62,5 milyard manatlıq aktivin arxasında nə dayanır?
31 avqust 2026-cı il tarixinə Azərbaycanda fəaliyyət göstərən 21 bankın ümumi aktivləri 62 milyard 475,9 milyon manat təşkil edib. Bankların öhdəlikləri 54 milyard 722,7 milyon manat, balans kapitalı isə 7 milyard 753,2 milyon manat olub.
Təkcə avqust ayında aktivlər 2,5%, öhdəliklər 2,6%, balans kapitalı isə 1,4% artıb. Başqa sözlə, bir ay ərzində aktivlərin artım tempi kapitalın artım tempindən təxminən iki dəfə yüksək olub.
Bu, özlüyündə problem demək deyil. Bank biznesinin təbiəti də məhz bundan ibarətdir: banklar əsasən depozit və digər cəlb edilmiş vəsaitləri kreditlərə və maliyyə aktivlərinə çevirərək balanslarını böyüdürlər. Amma burada vacib bir sual yaranır: Bank balansı böyüdükcə onu dəstəkləyən kapital kifayət qədər sürətlə artırmı?
Bir ildə aktivlər 9,5%, kapital 9,1% böyüyüb
Avqustun əvvəlindəki vəziyyət daha aydın müqayisə imkanı verir. 2026-cı il avqustun 1-nə bank sektorunun aktivləri 60,98 milyard manat olub və illik artım 9,5% təşkil edib. Həmin tarixdə balans kapitalı 7,65 milyard manat olub və illik artım tempi 9,1% təşkil edib. Öhdəliklər də aktivlər kimi 9,5% artaraq 53,33 milyard manata yüksəlib.
Fərq böyük deyil. Lakin aktiv artımının kapital artımından bir qədər yüksək olması izlənilməli göstəricidir. Çünki bankın balansı nə qədər sürətlə böyüyürsə, həmin aktivlərin yaratdığı riskləri absorbsiya etmək üçün kapital bazasının da uyğun səviyyədə qalması vacibdir.
Bankların kapitalı aktivlər qədər “sərbəst” işləmir
Həmçinin bank sektorunun 7,75 milyard manatlıq balans kapitalını birbaşa onun “risk buferi” kimi qəbul etmək olmaz. Kapital adekvatlığı hesablanarkən bütün aktivlər eyni risklə qiymətləndirilmir. Aktivlər risk çəkilərinə görə qruplaşdırılır və kapital adekvatlığı risklə ölçülmüş aktivlərə münasibətdə hesablanır. Yəni 62,5 milyard manatlıq aktivin hamısı eyni dərəcədə kapital tələb etmir.
Mərkəzi Bankın qüvvədə olan çərçivəsində sistem əhəmiyyətli banklar üçün daha yüksək kapital adekvatlığı tələbləri tətbiq olunur.
Əsl dəyişiklik 2027-ci ildə başlayır
Mərkəzi Bank 2025-ci ilin sonunda bank kapitalı və onun adekvatlığı üzrə çərçivəni Bazel III standartlarına uyğunlaşdırıb. Banklara yeni tələblərə uyğunlaşmaq üçün bir illik keçid dövrü verilib və yeni tələblərə tam riayət 1 yanvar 2027-ci ildən tələb olunacaq. Bu dəyişiklikdə kapitalın strukturu, kapital adekvatlığı əmsalları və kapital buferləri yenilənib. Burada bankın kapitalının həcmindən daha çox bankın kapitalının nə qədərinin yüksək keyfiyyətli və risklə ölçülmüş aktivlər olduğu nüansıdır.
Bank üçün böyük balans yaxşı xəbər kimi görünə bilər. Amma kapital eyni sürətlə artmırsa, balansın böyüməsinin bir nöqtəsində tənzimləyici məhdudiyyətlər daha vacib olur.
Kredit portfelində də sürətli artım var
Mərkəzi Bankın məlumatına görə, 1 sentyabr 2026-cı il tarixinə bankların kredit portfeli 32 milyard 824,2 milyon manat olub. İlin əvvəlində bu göstərici 30,063 milyard manat idi. Beləliklə, səkkiz ay ərzində kredit portfeli təxminən 2,76 milyard manat və ya 9,2% böyüyüb.
Bu artım bankların aktivlərini genişləndirən əsas kanallardan biridir. Amma kredit aktivinin digər aktivlərdən fərqli xüsusiyyəti var: onun arxasında kredit riski dayanır. Deməli, kredit portfeli böyüdükcə bankın kapitalının həmin riskləri qarşılamaq qabiliyyəti daha çox əhəmiyyət qazanır.
2027-ci ilə qədər bankları hansı seçim gözləyir?
Yeni kapital çərçivəsi fonunda bankların qarşısında prinsip etibarilə bir neçə istiqamət var. Birinci - kapitalı artırmaq. İkinci - mənfəəti bölüşdürmək əvəzinə kapitalda saxlamaq. Üçüncüsü - aktivlərin, xüsusilə risklə ölçülmüş aktivlərin artımını daha kontrollu aparmaq. Dördüncü - aktivlərin strukturunu dəyişmək və daha aşağı risk çəkili aktivlərə üstünlük vermək. Bunların hər birinin bankın kredit siyasətinə və səhmdar gəlirlərinə təsiri fərqli ola bilər.
Banklar daha çox kredit verəcək, yoxsa kapital yığacaq?
2026-cı ilin ilk səkkiz ayında bank sektoru 949,7 milyon manat xalis mənfəət əldə edib. Eyni dövrdə aktivlər də böyüyüb. Əgər banklar bu mənfəətin daha böyük hissəsini kapitalda saxlasalar, kapital bazası güclənəcək.
Əgər mənfəətin daha böyük hissəsi dividend kimi bölüşdürülərsə, aktivlərin böyüməsini dəstəkləmək üçün kapitalın artırılması məsələsi daha çox önə çıxa bilər. Fitch-in bəzi sistem əhəmiyyətli banklarla bağlı dividend siyasətinə diqqət çəkməsi də məhz bu əlaqəni aktuallaşdırır.


















