BİZNES

Azərbaycan və Çin arasında sənaye və investisiya sahələrində 13 əməkdaşlıq sənədi imzalanıb

Azərbaycan və Çin arasında sənaye, o cümlədən avtomobil və yüngül sənaye, eləcə də birgə investisiya təşəbbüslərinin təşviqi sahələrini əhatə edən 13 əməkdaşlıq sənədi imzalanıb.

ENA.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, sənədlər Pekində keçirilən Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində imzalanıb.

Məlumata görə, AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Beynəlxalq Əməkdaşlıq Mərkəzi ilə, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) isə Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası və Ümumdünya Əşyaların İnterneti Konvensiyası (WIOTC) ilə qarşılıqlı anlaşma memorandumları imzalayıblar.

Konfransda sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev çıxışında son dövrlərdə Azərbaycanla Çin arasında iqtisadi və ticarət əlaqələrinin artan dinamikasına toxunub. O, avtomobil, sənaye, İKT, nəqliyyat-logistika və digər sektorlar üzrə həyata keçirilən birgə layihələri diqqətə çatdırıb.

Çin tərəfini təmsil edən NDRC-nin Xarici Kapital Departamentinin baş direktorunun müavini Can Cianhua və Pekin İnkişaf və İslahat Komissiyasının Baş direktorunun müavini Duan Yanhonq Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi dəstəyi yüksək qiymətləndirib. Onlar Azərbaycanın təşəbbüsdə strateji mövqeyini və xarici sərmayədarlar üçün yaratdığı əlverişli investisiya mühitini xüsusi vurğulayıblar. Çin şirkətlərinin Azərbaycanda sənaye və infrastruktur layihələrinə maraqlı olduqları bildirilib.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu isə nümayəndəliyin bu sahədə gördüyü işlər barədə məlumat verərək, ölkəmizin “Bir kəmər, bir yol” layihəsinə coğrafi mövqeyi və inkişaf etmiş infrastruktur vasitəsilə verdiyi töhfələri diqqətə çatdırıb. O, Azərbaycanın istehsal və ticarət fəaliyyətlərini birləşdirən regional mərkəzə çevrilməkdə olduğunu bildirib.

Tədbirdə həmçinin Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, KOBİA-nın sədri Orxan Məmmədov, 4SİM-in icraçı direktoru Fariz Cəfərov, eləcə də SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, AZPROMO və Bərpa Olunan Enerji Agentliyinin nümayəndələri ölkənin investisiya mühiti və biznes imkanları barədə təqdimatlarla çıxış ediblər.

Konfrans çərçivəsində Azərbaycan tərəfi Çin nümayəndələrinə sənaye, mədənçilik, kənd təsərrüfatı və yaşıl enerji sahələrini əhatə edən ümumilikdə 13 investisiya layihəsi təqdim edib. Eyni zamanda, tədbirdə yerli qurumlar tərəfindən göstərilən investisiya xidmətləri, mövcud güzəştlər və imtiyazlar barədə informasiya sərgisi də təşkil olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)