Bank

Əlavə kapital buferi tələbi kreditləri "böhrana düşməkdən" xilas edəcəkmi? Bankların borc vermək məsuliyyəti daha da artdı

Bank sektoru: “Bu o deməkdir ki, kreditləşmədə ehtiyatlı olun və dolayısı ilə azaldın”

Ekspert: “Mərkəzi Bank, bank sektorunda ciddi risklər görür, xüsusən də ev təsərrüfatına verilən kreditlərin həcmi kəskin artır. 2014-cü ilin oxşar mənzərəsi var, amma iki fərqlə”

Yeni tələb hansı göstəricini dəyişir? 

Beləliklə, banklara əlavə kapital buferi yaratmaq öhdəliyi qoyuldu. Azərbaycan Mərkəzi Bankı əlavə 0,5 faiz də kapital buferi saxlaması üçün banklara göstəriş verdi. Əvvəlcə baxaq ki, bu nə deməkdir. Deməli, banklar iki qrupa bölünür, sistem əhəmiyyətli banklar və banklar. Sistem əhəmiyyətli banklar üçün kapital adekvatlığı hazırda 12%, sistem əhəmiyyəti olmayanlar üçün 10%-dir. Əlavə 0,5% kapital buferi tələbi nəticəsində sistem əhəmiyyətli bankların adekvatlıq əmsalı 2025-ci ildən 12,5%-ə qalxır. Digər banklarda isə müvafiq olaraq 10,5 olur.

Xatırladaq ki, sistem əhəmiyyətli banklar üçün kapital adekvatlığında minimal tələb 10 faizdən iki mərhələdə 12 faizə qaldırılmışdı və son qərarla 0,5% də əlavə olundu.

Bu tələbi yaradan başlıca amillər nələrdir?

Bu barədə Tənzimləyicinin məlumatında müəyyən məqamlar öz əksini tapıb.  Amma ondan başlayaq ki, kontr-tsiklik kapital buferi makroprudensial alət olaraq bank sektorunda izafi kreditləşmənin nəticəsi olan sistem risklərinin qarşısının alınması və tsiklik proseslərə həssaslığın azaldılmasını nəzərdə tutur. Yəni, Azərbaycan Mərkəzi Bankı artıq sektorda izafi kreditləşmə və sistem əhəmiyyətli risklər görür və bunun qarşısını almaq üçün ehtiyat tədbirləri görür. Və kontr-tsiklik kapital buferi makroprudensial alətdir.  Hazırda dövriyyədə pul kütləsinin həcmi yüksəkdir və kreditləşmənin artması da öz növbəsində pul kütləsini genişləndirir.

Bu il yanvarın 1-nə Azərbaycanda pul bazası 20 milyard 916,5 milyon manat təşkil edib.

Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 1,65 % çoxdur.

Göstəricilər də açıq şəkildə göstərir ki, kreditlər real sektora çox az istənilir, daha çox ev təsərrüfatına, xidmət və tikintiyə cəlb edilir. Ona görə də istehlak məqsədli kreditlər dövriyyədə artır və bu da riskli kreditləşməni və riskli makroiqtisadi vəziyyəti maliyyəçilərin dili ilə yumşaq desək tətikləyir. 


Oxuyun: Uçot dərəcəsi niyə aşağı salınmadı: Hansı amillər manatı baha saxlamağa vadar edir?

Həmçinin “2024-cü ilin noyabr ayının sonuna olan məlumatlara əsasən kredit portfelinin illik artımı 19.6% təşkil etmişdir ki, bu da nominal qeyri-neft-qaz ÜDM-in artımını 2 dəfəyədək üstələyir. Fəaliyyətdə olan 22 bankın 19-də kredit portfeli artıb, o cümlədən 14-də isə kredit portfelinin illik artımı nominal qeyri-neft-qaz ÜDM-in artımını üstələyib”, -deyə Mərkəzi Bankın məlumatında deyilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin noyabr ayının sonuna nominal qeyri-neft-qaz ÜDM-in artımı cəmi 6,4% təşkil edib. Bu isə sadə riyazi bölmə ilə 2 dəfəyədək deyil, kredit portfelinin illik artımının  nominal qeyri-neft-qaz ÜDM-in artımını 3 dəfədən çox üstələməsi deməkdir.

Maraqlananlar üçün link: https://www.stat.gov.az/news/macroeconomy.php

Dövriyyədən pulu yığmaq üçün bankların yüksək depozit faizləri tətbiq etməsi də maraq doğurur. Bu, sistemdən kənarda olan böyük vəsaitləri banklara gətirməklə, onların hərəkətini izləmək üçün şərait yaradır. Yerigəlmişkən insanlar banklara əmanət qoymağa yenidən ürəkləniblər. 2024-cü ildə 30 min unikal hesab açılıb, məhz ona görə ki, əmanət faizləri yüksəlib. Banklar 10-12 faiz ilə depozit axtarır, vətəndaş isə fikirləşir ki, inflyasiya pulu onsuz da yeyir, heç olmasa bank faizi ilə müəyyən qədər onun dəyərdə saxlasın.

Digər tərəfdən, baha depozit baha kredit deməkdir və nəticədə kreditləşməni azaldır, dövriyyədə nağd pulların sürətli artımını cilovlayır.

Bank sektoru bunu necə qarşılayır?

1. “Dolayısıyla bankların kreditləşdirmədəki aktivliyini azaltmaq məqsədi daşıyır”, - bank sektoru belə hesab edir. Bu isə nəticədə bankların mənfəətliyinə ciddi təsir göstərəcək.

2. “Onsuz da ölkədə pulun maya dəyəri bahalaşıb. Yəni, bank 11% ilə depozit cəlb edəndə artıq maya dəyəri 13% olur. 12% ilə depozit qəbul edən bank 9.9% faiz ilə necə kredit təklif edə bilir, çox maraqlıdır?! Təbii ki, Mərkəzi Bank da bunları görür”.

3. “Sirr deyil ki, banklarda problemli kreditlərin payı da artır və bu tendensiya Tənzimləyicini narahat edir. Ümumilikdə isə sektorun gəlirlərdə artım əldə edəcəyini yox “yerində sayacağını” düşünürük.

4. “Mərkəzi Bank istəyir ki, banklar kredit portfelini artırmaqla bərabər ehtiyat kapitalı da artırsın. Bu isə ehtiyatlanma buferini yüksəltməklə, dayanıqlığı artırmaq məqsədi daşıyır. Banklar üçün əlavə maliyyə yüküdür, amma yaxşı məqsəddir”

"2014-cü ilin abu-havası var"

Ekspertlərin fikrincə, Tənzimləyici kreditlərin böhrana düşməsindən ehtiyat edir, çünki kredit portfelində riskli aktivlərin payı artır. Yəni, riskli aktivlərin həcminin artması və kreditləşmənin iqtisadiyyatın inkişaf tempini əhəmiyyətli üstələməsi hər hansı iqtisadi təlatümdə kreditlərin böhrana düşməsinə səbəb ola bilər. Kapital buferinin artması həm də bankların qarşısında kapital artımına tələb yaradır. Yəni bank ya kapital inyeksiyası etməlidir, ya da vəsaitlərini riskli aktivlərə deyil, risksiz aktivlərə yatırmalıdır. Məsələn, ABŞ-ın dövlət istiqrazlarına, hərçənd yerli qiymətli kağızlar bazarında da bəzi seçimlər var.

Ekspert Rövşən Ağayev də kredit portfelinin həcminin ÜDM-nin artım tempi ilə müqayisəsində ciddi narahatedici mənzərə yarandığını qeyd edib. Onun sözlərinə görə, ev təsərrüfatlarına verilən kreditlərin həcminin artması tendensiyası və əhalinin borclanma səviyyəsinin artım dinamikası təhlükəlidir. Xüsusən də təkrar borclanma səviyyəsi artır. “Əhalinin tibbi xidmət alması üçün belə kredit götürməsi ürəkaçıcı reallıq deyil. İnflyasiya və yoxsullaşmanın getdiyini görürük”, - deyən Rövşən Ağayev 2014-cü ilin maliyyə vəziyyətinə oxşar bir abu-havanın yarandığını bildirib, amma 2 fərqlə.

“Bu fərqlərdən biri odur ki, 2015-ci il devalvasiyası ərəfəsində bankların xarici öhdəlikləri yüksək idi, indi isə bu öhdəliklər aşağıdır. İkincisi, indikindən fərqli olaraq depozitlərdə dollarlaşma səviyyəsi yüksək idi. Buna da Mərkəzi Bank dollarla olan depozitlərə 2 faizlik tavan tətbiq etməklə nail olub. Ümumilikdə Azərbaycan Mərkəzi Bankı iqtisadi vəziyyəti və kreditləşmənin səviyyəsini müqayisə edərək, narahatedici vəziyyəti görür. Və bu baxışında da tam haqlıdır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)