Bank

Uçot dərəcəsi niyə aşağı salınmadı: Hansı amillər manatı baha saxlamağa vadar edir?  

Ötən ilin noyabr ayından Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini aşağı salınması ilə bağlı bir neçə qərar verdi. Beləliklə, sərt monetar şəraitin yumşalmasına istiqamətləndiyini elan etdi. Lakin yay aylarında enerji daşıyıcılarının və ictimai nəqliyyatda qiymətlərin qalxmasından sonra bu tendensiya dayandı və payızda, mövsümi amillər imkan versə də tənzimləyici qurum uçot dərəcəsini endirmədi, olduğu kimi saxladı.

Hazırda uçot dərəcəsinin, başqa cür desək manatın baha saxlanmasının səbəbləri hansılardır? Bu səbəblər arasında daxili amillərin, iqtisadi dayanıqlığın olub-olmamasının rolu nə dərəcədədir?

ENA.az-ın bununla bağlı sualına Azərbaycan Mərkəzi Bankı sədrinin izahı maraqlı açıqlamalrla yadda qaldı.

Cənab Kazımovun qiymətləndirməsinə görə, hazırda Azərbaycanda uçot dərəcəsi neytral şəraitdədir. Ölkəmizdə inflyasiyaya təsir edən xarici və daxili amillər var. Bir məqam da var ki, xarici tərəfdaşların inflyasiyası Azərbaycandakı inflyasiyaya birbaşa təsir edir, ölkəmizin uçot dərəcəsi isə xarici tərəfdaşlarımıza heç bir təsir etmir. Çünki Azərbaycan Mərkəzi Bankının açıqladığı uçot dərəcəsi hələ yeni-yeni formalaşan daxili banklararası bazara təsir edir, AZIR kimi alətlər yenidir, depozit və kredit faizlərinə isə sırf emosional təsirə malikdir.   

“Ölkəmizdə inflyasiyaya artırıcı təsir edən xarici ticarət tərəfdaşlardakı inflyasiyadır. Səmimi olaraq qeyd edim ki, bizim uçot dərəcəmizin dəyişməsinin xarici tərəfdaşlarımızın inflyasiyasına təsiri yoxdur, biz daha çox xarici sektorda baş verən prosesləri izləyirik”.

Daxili amillərə gəlincə, Azərbaycan Mərkəzi Bankı cari inflyasiyanı analiz edərək, inflyasiya kompozisiyasını həyata keçirib. Nəticələr göstərir ki, daxili amillərdə başlıca katalizator istehlak komponentinin artımıdır.

“Ən böyük daxili təsir istehlakın kəskin artımı, formalaşan tələb amili və büdcə xərclərinin kəskin artımıdır. Təbii ki, bu da tələb amili yaradır”.  

İnflyasiya kompozisiyasına görə, bu ilin 9 ayı üzrə ölkəmizdə qeydə alınan 3,5%-lik inflyasiyaya artırıcı təsir edən amillər bunlardır:

Dövlət xərcləri – 0,68%

Ev təsərrüfatı istehlakı - 0,8%

Aqrar istehsalçıların qiyməti – 1.32%

Ticarət tərəfdaşlarının inflyasiyası – 6,2%

Tənzimlənən qiymətlər - 0,6%

İnflyasiyaya azaldıcı təsirlər bunlardır:  

Nominal effektiv məzənnə - 4%

Digər amillər - 2%

Mərkəzi Bank uçot dərəcəsini artdıqda ev təsərrüfatları və sahibkarlar yığıma, azaltdıqda isə borclanmaya yönəlir.

Azərbaycan iqtisadiyyatı nə qədər dayanıqlıdır: Makroiqtisadi tənzimləmədə daxili təsirini necə qiymətləndirirsiniz?

AMB sədrinin inflyasiyaya artırıcı təsir kimi ev təsərrüfatları haqqında açıqlamasından sonra bankların kredit portfelinin strukturunda da bu seqmentin artımı və tutduğu pay önə çıxır.

ENA.az xəbər verir ki, bu il oktyabrın 1-nə olan məlumata görə, ümumi kredit portfeli bu il oktyabrın 1-nə 28 milyard 405 milyon manatdır. Bunun 480 milyon manatı vaxtı keçmiş kreditlərdir. Yəni ümumi portfelin 1,7% qeyri-işlək kreditlərdir.

Kreditlərin strukturuna nəzər salaq:

Ticarət və xidmət sektoru - 4 milyard 39 milyon manat

Mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoru - 851 milyon manat

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoru – 529 milyon manat

İnşaat və tikinti sektoru – 1 milyard 205 milyon manat

Sənaye və istehsal sektoru – 2 milyard 180 milyon manat

Nəqliyyat və rabitə sektoru – 1 milyard 773,8 milyon manat

Ev təsərrüfatlarına verilən kreditlər – 16 milyard 366 milyon manat

Beləliklə, ev təsərrüfatlarına verilən kreditlər ümumi portfelin təxminən 58 faizini təşkil edir. Bu kreditlərin kiçik məbləğləri əhatə etdiyini nəzərə alsaq, üstəlik istehlak kreditlərinin cəmi kreditlərin 54 faizini təşkil etdiyini vurğulasaq, burada fərdi sahibkarların kiçik borclanmaya getdikləri açıq-aşkardır.

Portfelin 14.2 faizini isə ticarət və xidmət sektoru təşkil edir. Nəticədə 14,2+58= 70,2 faiz!

Bu rəqəmlərin üzərinə xidmət sektoruna daxil olan nəqliyyat və rabitə sektorunun 6,2 faiz tutumunu əlavə etsək, kifayət qədər ciddi bir rəqəm alınır.

Bəs, bu rəqəmlərdə dayanıqlı istehsal, emal sektorunun payı hanı?   

Sənaye və istehsal sektoruna cəmi 2 milyard 180 milyon manat kredit verilib. Yəni, ümumi portfelin 7,6%-i bu sahənin payına düşür.

İqtisadi ekspert Rövşən Ağayevin sözlərinə görə, ev təsərrüfatlarına verilən kreditlərin həcmi kifayət qədər artıb, faktiki olaraq, devalvasiyadan əvvəlki həcmə çatıb.

“Fərq odur ki, dollarla olan kreditlərin payı yüksək deyil. Banklar əsasən ev təsərrüfatına verilən kreditlər hesabına kreditləşməni genişləndiriblər. Xüsusən də kənd təsərrüfatı kimi əhəmiyyətli sahənin payı çox aşağıdır. İqtisadi artımın 3-də ikisi ticarət və turizmin hesabına təmin olunur. Faktiki istehsal sektorunda iqtisadi artım yoxdur”, - deyə ekspert vurğulayıb.

AMB sədri isə hesab edir ki, iqtisadiyyatımız inkişaf edir, qeyri-neft sektorunda artım var. ÜDM-nin tərkibi də göstərir ki, bütün sahələrdə artım var. Amma dərin, dayanıqlı iqtisadiyyat dedikdə  bu müqayisəli təhlil tələb edir. Cənab Kazımov hesab edir ki, bu sual geniş fikir mübadiləsi tələb edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)