Sosial iqtisadiyyat

Azərbaycanda şəhərlərarası sərnişindaşıma üzrə qiymətlər yeni məsafələrə uyğun olacaq

Azərbaycanda şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə tariflər yeni məsafələrə uyğun hesablanmağa başlanılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, son illər ölkədə avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində şəhər və rayonları əlaqələndirən yollarda müəyyən dəyişikliklər olub.

"Nəticədə müvafiq avtobus marşrutlarının gediş məsafələrində azalma və artımlar müşahidə edilib. Şəhərlərarası daşımalar üzrə tariflər məsafələrə uyğun hesablandığından, baş vermiş dəyişikliklərə əsasən, marşrutlara yenidən baxılmasına və tariflərin yenidən hesablanmasına zərurət yaranıb", - məlumatda deyilir.

AYNA bildirib ki, əvvəllər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhər və rayonlara fəaliyyət göstərən şəhərlərarası müntəzəm marşrutların başlanğıc gediş məsafəsi Mərkəzi poçtdan hesablanırdı. Marşrutun gediş tarifi bu hesablamaya uyğun olaraq müəyyən edilirdi. Yeni dəyişikliklərə əsasən, rayonlararası sərnişindaşıma zamanı yoladüşmə məntəqəsi “avtovağzaldan avtovağzala” prinsipinə uyğun avtovağzallardan başlamaqla yeni inşa olunan yollarla gediş məsafəsi əsasında tarif müəyyən edilir.

Hesablamalara əsasən, ölkənin 85 şəhər və rayonundan 41-i üzrə məsafələrdə orta hesabla 6,6 % qısalma, qalan 41-i üzrə məsafələrdə 3,1 % artım qeydə alınıb, 3-ü üzrə məsafələrdə isə dəyişiklik olmayıb.

"Müsbət haldır ki, optimallaşdırma işləri çərçivəsində əsasən səyahət məsafələrində daha çox qısalmaların qeydə alınması əvvəlki hesablamalarla müqayisədə sərnişinlər tərəfindən bilet üzrə ödənişlərin azalması ilə nəticələnir", - məlumatda qeyd olunur.

Qeyd edək ki, yeni məsafələrə uyğun tariflərin hesablanmasına bu gündən başlanılıb. Belə ki, iyulun 1-dən şəhərlərarası marşrutlarda sərnişindaşıma tarifinin yuxarı həddi 3,7 qəpik/km həddində müəyyən edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)