Hadisə

Ryazanda neft bazası vuruldu, məktəblərdə dərslər ləğv edildi

Ukrayna dronları Ryazan Neft Emalı Zavoduna (NEZ) hücum edib. Bu barədə vilayətin rəhbəri Pavel Malkov məlumat verib.

Qubernatorun sözlərinə görə, zərbə nəticəsində NEZ-in ərazisində yanğın baş verib. O əlavə edib ki, Ryazandakı başqa bir müəssisənin ərazisində isə anbar və avtomobillər zədələnib. Malkov xəsarət alanlar barədə hələlik məlumat verməyib.

Ukraynanın "Exilenova+" monitorinq teleqram kanalı səhər tezdən Ryazan NEZ-in üzərindəki alov sütununun (məşəlin) fotosunu dərc edərək, bunun dron hücumu ilə bağlı ola biləcəyini ehtimal edib.

Ukrayna pilotsuz uçuş aparatlarının hücumu səbəbindən oktyabrın 15-də Ryazanın Oktyabr və Sovet rayonlarının bir hissəsində məktəblərdə dərslər və uşaq bağçalarının fəaliyyəti dayandırılıb. Qubernatorun paylaşımından məlum olur ki, dərslər 14 məktəb və 25 uşaq bağçasında ləğv edilib.

Bir gün əvvəl axşam saatlarında Malkov sutka ərzində region üzərində 23 dronun vurulduğunu bildirmişdi. Onun məlumatına görə, o zaman xəsarət alan və dağıntı olmamışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)