Sosial iqtisadiyyat

Hansı hallarda işçinin əməkhaqqından pul tutula bilər?

“Bəzən istəmədiyiniz halda əməkhaqqınızdan pul tutulur və siz buna narazılıq edirsiniz. Məsələn, banka borcunuz var, məhkəmə qətnaməsi əsasında əmək haqqınızdan pul tutulur. Çünki banka borcunuzu birdəfəlik ödəyə bilmirsiniz. Yaxud aliment ödənişinin alınması üçün əməkhaqqınızdan pul tutulur. Ümumiyyətlə, əməkhaqqından pul tutulan zaman hansı hissədə pul tutula bilər? Tam tutulmaya yol verilirmi? Təbii ki, bunun üçün ilk növbədə məhkəmə qətnaməsi olmalıdır. Bundan sonra qətnaməni icra edən icra məmuru işlədiyiniz iş yerinə sərəncam göndərir və pulun tutulmasını tələb edir. Belə hallarda borc məbləği qurtaranadək iş yerində əməkhaqqınızdan tutulma həyata keçiriləcək”.

Bunu vəkil Vamiq Şükürov deyib.

“Sizin razılığınız olmadan vergilər və sosial sığorta haqları əmək haqqınızdan tutulur”, – deyə vəkil qeyd edib.

V.Şükürov əmək haqqından pul tutula biləcəyi halları açıqlayıb:

“- İş yerinə ziyan vurmusunuzsa, ziyan bir aylıq əmək haqqınızın məbləğindən artıq deyilsə, əmək haqqınızdan pul tutula bilər.

– Məzuniyyətə çıxmısınız, məzuniyyət haqqı almısınız, amma bir il işləməmisiniz. Buna görə də, artıq ödənilmiş məzuniyyət pulu sizin əməkhaqqınızdan tutula bilər.

– İş yerindən kənara verilmiş tapşırığın icrası üçün getminiz, amma ezamiyyət pulundan qalmış pulu xərcləmisiniz. Belə halda əməkhaqqınızdan tutulmaya icazə verilir”.

Vəkil onu da bildirib ki, əməkhaqqının az və ya çox olmasından asılı olmayaraq 50%-dən artıq pul tutula bilməz.

Həmçinin qeyd edib ki, aliment ödənişləri üçün 70%-dək məbləğində tutulmaya yol verilir. (e-huquq.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)