Gündəm

ABŞ İranın “kölgə donanması”na qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İranın neft və neft-kimya məhsullarını beynəlxalq bazarlara daşımaq üçün istifadə etdiyi “kölgə donanması”na qarşı yeni sanksiyalar tətbiq edib.

ENA.az xəbər verir ki,  ABŞ Maliyyə Nazirliyi sanksiyalar çərçivəsində İran neftini və neft-kimya məhsullarını daşıyan 17 gəmini, eləcə də bu fəaliyyətlə əlaqəli bir sıra şirkətləri siyahıya daxil edib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, gəmilər İran mənşəli xam neft, neft məhsulları və neft-kimya məhsullarını Cənubi və Şərqi Asiya bazarlarına çatdırmaq üçün istifadə olunub. Onlar Panama, Baham adaları, Monqolustan, Palau, Kamerun və Honq Konq kimi müxtəlif yurisdiksiyalarda qeydiyyatdan keçib.

Sanksiyalar “Economic Outcast” əməliyyatı çərçivəsində həyata keçirilib. ABŞ tərəfi tədbirlərin İranın neft satışından əldə etdiyi gəlirləri məhdudlaşdırmaqla yanaşı, Tehranın hərbi fəaliyyətini və raket proqramını maliyyələşdirmək imkanlarını zəiflətməyə yönəldiyini bildirir.

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton sanksiyalardan yayınmağa kömək edən şəxslərə və şirkətlərə qarşı tədbirləri davam etdirəcək. Eyni zamanda, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi daha əvvəl sanksiya siyahısına daxil edilmiş iki gəmini siyahıdan çıxarıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)