Azərbaycan altı ayda xaricə 5 milyard dollar yatırdı: Pul hara gedir və ölkəyə nə qazandıracaq?
Azərbaycanın xaricə yönəltdiyi birbaşa investisiyalar bir ildə 3,7 dəfə artaraq 5 milyard dolları keçib. Bu vəsaitin təxminən 65%-i təkcə İtaliyaya yönəlib. Rəqəmlərin arxasında isə Azərbaycanın xaricdəki ən böyük korporativ alışlarından biri – SOCAR-ın Italiana Petroli şirkətini alması dayanır. Bununla yanaşı, Azərbaycan Dövlət Neft Fondunun İtaliyada milyardlarla dollarlıq enerji və nəqliyyat aktivləri var. Bəs Azərbaycan xaricdə hansı biznesləri qurur və bu aktivlər ölkəyə nə vaxt və nə qədər pul gətirəcək?
2026-cı ilin ilk yarısında Azərbaycanın xaricə yönəltdiyi birbaşa investisiyaların həcmi 5,004 milyard dollar təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.
Eyni dövrdə xarici investorlar Azərbaycana 3,667 milyard dollar birbaşa investisiya yatırıb. Başqa sözlə, Azərbaycan rezidentlərinin xaricə yönəltdiyi birbaşa investisiyaların həcmi ölkəyə gələn birbaşa investisiyadan təxminən 1,34 milyard dollar çox olub. Lakin bu rəqəmlərin arxasındakı mənzərəni yalnız “Azərbaycandan daha çox pul çıxıb” ifadəsi ilə izah etmək düzgün olmaz. Çünki xaricə yönəldilən vəsaitin əhəmiyyətli hissəsi istehlak və ya maliyyə axını deyil, xaricdə real biznes aktivlərinin alınmasına yönələn kapitaldır.
5 milyard dolların 3,25 milyardı İtaliyaya gedib
Xaricə yönəldilən Azərbaycan investisiyalarının coğrafiyasında kəskin dəyişiklik baş verib. 2026-cı ilin ilk yarısında İtaliyaya 3,246 milyard dollar birbaşa investisiya yatırılıb. Bu, Azərbaycanın xaricə yönəltdiyi bütün birbaşa investisiyaların təxminən 64,9%-i deməkdir. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə İtaliyaya yatırılan Azərbaycan investisiyası cəmi 10,5 milyon dollar idi. Beləliklə, bir il ərzində göstərici təxminən 310 dəfə artıb.
İtaliyadan sonra Azərbaycanın əsas investisiya istiqamətləri Türkiyə – 603,8 milyon dollar, Böyük Britaniya – 329,2 milyon dollar, BƏƏ – 270,1 milyon dollar və Gürcüstan – 114 milyon dollar olub. Bu siyahı ilk baxışda Azərbaycanın kapitalının coğrafiyasını göstərir. Bəs, İtaliyaya gedən 3,25 milyard dollar konkret olaraq nəyə xərclənib?
Cavabın böyük hissəsi bir şirkətin adında gizlənir: 3 milyard dollarlıq əməliyyat: SOCAR İtaliyanın yanacaq bazarına girdi. 8 may 2026-cı ildə SOCAR İtaliyanın Italiana Petroli (IP) şirkətinin səhmlərinin 99,82%-nin alınmasını rəsmən tamamladı. Avropa Komissiyası da sövdələşməni 2026-cı ilin fevralında təsdiqləyib. Komissiyanın məlumatına görə, əməliyyat əsasən xam neft və emal olunmuş yanacağın təchizatı bazarlarına aid olub.
Beləliklə, 2026-cı ilin ilk yarısında Azərbaycanın xaricə yönəltdiyi 5 milyard dollarlıq kapitalın böyük hissəsinin arxasında bir dəfəlik, iri həcmli korporativ alış dayanır. Məsələnin daha maraqlı tərəfi budur ki, SOCAR-ın IP alması Azərbaycanın İtaliyadakı ilk böyük investisiya hekayəsi deyil. Azərbaycan Dövlət Neft Fondunun İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2026-cı ilin əvvəlində təxminən 2,8 milyard dollar idi. Energetika naziri Pərviz Şahbazovun açıqlamasına görə, İtaliya ARDNF-in investisiya coğrafiyasında ən böyük istiqamətlərdən biridir.
Bəs Türkiyədəki 604 milyon dollar?
İtaliyadan sonra Azərbaycanın ən böyük investisiya istiqaməti Türkiyədir.
2026-cı ilin ilk yarısında Türkiyəyə 603,8 milyon dollar birbaşa investisiya yönəldilib. Bu, 2025-ci ilin eyni dövründəki 177,4 milyon dollardan təxminən 3,4 dəfə çoxdur. Burada Azərbaycanın ən böyük xarici korporativ platformalarından biri – SOCAR Türkiye xüsusi diqqət çəkir.
SOCAR Türkiye-nin portfelində Petkim, STAR Rafineri, TANAP, SOCAR Terminal, SOCAR Storage və digər enerji, neft-kimya və logistika aktivləri yer alır. Xüsusilə 2026-cı ildə SOCAR Türkiye-nin 870 MVt gücündə Kırıkkale təbii qaz kombinə çevrim elektrik stansiyasını əldə etməsi bu ölkəyə yönələn yeni kapitalın istiqamətlərindən biridir.
Xaricə çıxan kapitalın 84%-i neft-qaz sektorundadır
Araşdırmanın ən mühüm nəticələrindən biri bəlkə də budur. AMB-nin açıqlamasına görə, 2026-cı ilin ilk yarısında Azərbaycanın xaricə yönəltdiyi birbaşa investisiyaların 4,2 milyard dolları neft-qaz sektorunun payına düşüb.
Başqa sözlə, 5 milyard dollarlıq xarici birbaşa investisiyanın təxminən 84%-i enerji sektoruna bağlıdır. Bu rəqəm Azərbaycanın xaricə kapital ixracının əsas mənbəyini də göstərir. Azərbaycanın xaricdə investisiya imkanlarını formalaşdıran əsas maliyyə və korporativ güc hələ də enerji gəlirləri və enerji şirkətləridir. Və demək olar ki, Azərbaycan enerji gəlirləri əsasında xaricdə yeni enerji və infrastruktur aktivləri əldə edir.
Bəs Azərbaycana gələn xarici kapital?
2026-cı ilin ilk yarısında Azərbaycana 3,667 milyard dollar birbaşa xarici investisiya daxil olub və bu, illik müqayisədə 13,8% artım deməkdir. Lakin bu kapitalın strukturunda da enerji sektoru dominantdır.
AMB-nin məlumatına görə, ölkəyə cəlb olunan birbaşa investisiyanın təxminən 2,8 milyard dolları neft-qaz sektoruna, 877 milyon dolları isə qeyri-neft sektoruna yönəlib. Yəni həm Azərbaycanın xaricə qoyduğu sərmayədə, həm də Azərbaycana gələn xarici sərmayədə enerji sektorunun çəkisi yüksəkdir.
Bu aktivlərin Azərbaycana nə qədər pul gətirəcəyi isə ilkin gəlirlər balansında özünü göstərəcək. AMB ilkin gəlirlərə əməkhaqqı ilə yanaşı, rezidentlərin xaricdə qoyduğu kapitaldan əldə etdiyi dividend, faiz, mənfəət və digər investisiya gəlirlərini də daxil edir.
Azərbaycanın ilkin gəlirlər balansı necə dəyişib?
AMB-nin illik tədiyə balanslarını və son 2026-cı ilin yarımillik məlumatını bir yerə gətirdikdə mənzərə belədir:
|
Dövr |
İlkin gəlirlər balansı, mln. $ |
Saldo |
İnvestisiya gəlirlərinin repatriasiyası, mln. $ |
|
2020 |
-456,3 |
Kəsir |
-388,1 |
|
2021 |
-1 318,6 |
Kəsir |
-1 413,0 |
|
2022 |
-5 487,0 |
Kəsir |
-5 707,8 |
|
2023 |
-3 199,1 |
Kəsir |
-3 462,1 |
|
2024 |
-2 734,7 |
Kəsir |
-3 152,7 |
|
2025 |
-1 986,4 |
Kəsir |
-2 473,4 |
|
2025, I yarımil |
-1 078,1 |
Kəsir |
-1 221,3 |
|
2026, I yarımil |
-907,9 |
Kəsir |
2025 I yarımilinə nisbətən 15,8% azalıb |
Burada çox maraqlı dinamika var, çünki 2022-ci il istisna olmaqla ilkin gəlirlər balansının kəsiri son üç ildə ardıcıl olaraq azalır. 2022-ci ildə enerji qiymətlərinin yüksək olması fonunda xarici investorların Azərbaycandakı neft-qaz layihələrindən gəlirlərinin repatriasiyası kəskin artmış və ilkin gəlirlər kəsiri 5,5 milyard dollara çatmışdı. 2023-cü ildə bu rəqəm 3,2 milyard dollara, 2024-cü ildə 2,7 milyard dollara, 2025-ci ildə isə 2 milyard dollara yaxınlaşıb.
2026-cı ildə isə kəsir 15,8% azalıb
2026-cı ilin ilk altı ayında ilkin gəlirlər balansında 907,9 milyon dollarlıq kəsir yaranıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,8% daha azdır. Lakin balansın daxilində iki tamamilə fərqli mənzərə formalaşıb:
- neft-qaz sektoru üzrə 1,4 milyard dollar kəsir;
- qeyri-neft-qaz sektoru üzrə 500 milyon dollar profisit.
İlkin gəlirlər üzrə ümumi dövriyyə 4,7 milyard dollar olub. Bunun 2,8 milyard dolları Azərbaycandan qeyri-rezidentlərə ödənişlərdir. Ən böyük komponent isə 2 milyard dollarlıq xarici investor gəlirlərinin repatriasiyasıdır. Bunun 1,8 milyard dolları beynəlxalq neft-qaz konsorsiumları ilə bağlıdır.
Beləliklə, Türkiyəyə, İtaliyaya, eləcə də İsrailin enerji sektoruna yönələn investisiyaların gələcək dövrlərdə Azərbaycanın ilkin gəlirlər balansı üçün mühüm gəlir mənbələrindən birinə çevrilməsi gözlənilir. Deməli, Azərbaycanın xaricə investisiya strategiyasının nəticəsini ölçmək üçün artıq yalnız “nə qədər pul yatırıldı?” sualına baxmaq kifayət etməyəcək. Növbəti illərdə daha vacib göstərici “bu aktivlər Azərbaycana nə qədər gəlir gətirdi?” olacaq.

















