Daşın yaddaşı, misin səsi: Basqal və Lahıcda zamanın izi ilə
Bəzən insan möcüzə axtarışında okeanlar aşır, qitələr dəyişir. Halbuki ən heyrətamiz kəşflər çox vaxt evimizin elə bir neçə saatlığında, səbirlə bizi gözləyir.
Bakının tıxacından, ekranların işığından, bitməyən tələsikliyindən bir günlüyə aralanıb İsmayıllı yoluna çıxmaq kifayətdir. Dağlara qalxdıqca hava saflaşır, meşə qalınlaşır, saatın əqrəbləri isə sanki yavaşıyır. Və bir anda elə bir dünyaya düşürsən ki, orada qapılar hələ də iki fərqli döyəclə döyülür, küçələrin altında yeddi əsrlik su yolu axır, misgərin çəkic səsi isə dağların əks-sədasına qarışır.
Basqal və Lahıc məhz belə yerlərdir. Bakıya ən yaxın, səhər yola düşüb axşam qayıtmaq mümkün olan bu iki qədim məskən hər birimizin ən azı bir dəfə yox, dönə-dönə görməli olduğu ünvanlardır. Çünki burada tarix muzey vitrinində deyil, yaşayan insanların gündəlik həyatında, əllərinin hərarətində, süfrələrinin dadındadır.
Dövlət Turizm Agentliyinin (DTA) təşkil etdiyi media turu çərçivəsində ENA-nın əməkdaşı olaraq biz də bu yola çıxdıq. Məqsəd Basqal və Lahıcın tarixi, bu günü və turizm imkanları ilə yaxından tanış olmaq idi.
Basqal: daşın, taxtanın və ağlın birliyi
İlk dayanacağımız Basqal oldu. Dar, daş döşənmiş küçələrə ayaq basan kimi adama elə gəlir ki, zaman burada öz ritmində yaşayır.
Basqal qoruğunun direktoru Ceyhun İsmayılov bildirdi ki, Basqal Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Onun sözlərinə görə, burada həyatın təxminən eramızın V əsrindən mövcud olduğu düşünülür, bəzi mənbələr isə bu tarixi tunc dövrünə qədər aparır. Hazırda qəsəbədə qeydiyyatda 1200 nəfər sakin var.Basqalda qədim tarixi abidələrlə yanaşı, 1920-ci ildə yaradılmış həbsxana binası da qorunub saxlanılır. Amma qonağı ən çox heyran qoyan qəsəbənin tikililəridir.
Zəlzələyə meydan oxuyan memarlıq
Basqal evləri xüsusi üsulla tikilib: əvvəlcə dörd cərgə daş hörülür, sonra taxta qat qoyulur, ardınca yenidən daş hörgü davam etdirilir. Direktorun sözlərinə görə, ərazi seysmik zonada yerləşdiyi üçün ustalar bu üsula əl atıblar. Taxta qatlar binaya elastiklik verir, zəlzələ zamanı divarların dağılmasının qarşısını alır.
Bu, əsrlər əvvəl yaşamış ustaların təbiətlə necə dil tapdığının canlı sübutudur.
Qapı döyəcindən küçə küncünə qədər incəlik
Basqal evlərinin qapılarında iki döyəc var. Ev sahibləri döyəcin səsindən və neçə dəfə döyülməsindən qapıya gələnin kişi, yoxsa qadın olduğunu bilirdilər. Beləcə, qapını kimin açacağı da əvvəlcədən müəyyən olunurdu.
Evlərin küncləri isə düz deyil, dairəvi tikilib. Səbəb sadədir: at arabaları dar küçələrdə rahatlıqla dönə bilsin.
Qəsəbənin bulaqlarının da üstü tikilib. Bu, su götürməyə gələn qadınların yağışda, qarda əziyyət çəkməməsi üçün düşünülüb. Bir bulaq örtüyündə belə insana qayğının izini görmək mümkündür.
Kəndlər turizmin yeni ünvanına çevrilir
DTA-nın Mədəni İrsin İdarə Olunması sektorunun müdiri Rüstəm Mehdizadə səfər zamanı “Turistik kənd” layihəsindən danışdı. Onun sözlərinə görə, layihə çərçivəsində respublikanın 8 rayonunda turistik kəndlər seçilib. İsmayıllı rayonu üzrə bu siyahıya İvanovka kəndi daxil edilib.
Layihənin əsas məqsədi yerli sakinləri turizmin birbaşa iştirakçısına çevirməkdir. Kənd sakinləri qonaqlama və qidalanma xidmətləri göstərməklə gəlir əldə edəcəklər. Beləliklə, turist kəndin həyatını içəridən görəcək, sakin isə öz evində, öz süfrəsi ilə qazanc əldə edəcək.
Süfrədə pip dolması, çiyində Basqal kəlağayısı
Basqalı tanımaq onun dadını dadmadan mümkün deyil. Qəsəbənin özünəməxsus yeməyi fıstıq ağacının yarpağına bükülən pip dolmasıdır. Yarpaqlar may ayında, cəmi 15 gün ərzində yığılır. Məhz bu vaxt toplanan yarpaqlar yağlılığı və keyfiyyəti ilə seçilir, dolmaya da bənzərsiz dad verir.
Səfərin ən təsirli anlarından biri isə Basqal kəlağayısının hazırlanmasını izləmək oldu. Bu ipək yaylıqlar bu gün də əl əməyi, göz nuru ilə ərsəyə gəlir. Boyalar Basqalın təbiətindən toplanan gül-çiçəklərdən hazırlanır. Qədim naxışlar isə xüsusi qəliblər vasitəsilə parçaya vurulur.
Ustanın əlində taxta qəlib parçaya hər dəfə toxunduqca, sanki əsrlərin yaddaşı yenidən ipəyə köçürülür. Basqal kəlağayısının niyə bu qədər qiymətli olduğunu anlamaq üçün bu prosesi bir dəfə öz gözünlə görmək kifayətdir.
Lahıc: misin səsi, daşın altında axan su
Basqaldan sonra yolumuz Lahıca düşdü. Girməndərə çayının sahilində, dağların qoynunda yerləşən bu qəsəbəyə çatanda ilk eşitdiyin şey çəkic səsi olur.
Lahıc Dövlət Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyev bildirdi ki, 80 hektarlıq ərazi qoruğun nəzarətindədir. Burada 5 məscid, su dəyirmanı, hamamlar və 60-dan çox yaşayış evi qorunur. Yaşayış evlərinin yaşı 400 ildən çoxdur.
Küçələrin altındakı yeddi əsrlik sirr
Lahıcın bütün küçələri çay daşları ilə döşənib. Lakin əsl möcüzə bu daşların altındadır. Burada tarixi 700–800 il əvvələ gedib çıxan kürəbənd, yəni yeraltı kanalizasiya sistemi mövcuddur. Ən təəccüblüsü isə odur ki, bu sistem bu gün də işləyir.
Orta əsr ustalarının qurduğu mühəndis həlli müasir şəhərlərin belə həsəd aparacağı bir dözümlülük nümayiş etdirir.
42 sənətdən 9-u bu gün də yaşayır
Direktorun sözlərinə görə, vaxtilə Lahıcda 42 növ xalq sənətkarlığı olub. Onlardan 9-u bu gün də davam etdirilir. Ən sevimli və şöhrətli sənət isə misgərlik olub.
Lahıc ustalarının əl işləri İraqa, Misirə qədər gedib çıxıb və orada da məşhurlaşıb. Sənətkarlar mis filizini Zod mədənindən və Qərbi Azərbaycanın digər ərazilərindən karvanlarla gətirirmişlər.
Rəqəmlər də Lahıcın keçmiş şöhrətindən xəbər verir:
- 1861-ci ildə Çar Rusiyası burada 251 misgərlik emalatxanasını qeydiyyata alıb.
- 1939-cu ildə Lahıcda 18 min nəfər əhali yaşayıb.
Dünyanın marağı artır
Turistlər Lahıcı çox sevirlər və bunu rəqəmlər də təsdiqləyir. Nəzər Əliyevin sözlərinə görə, bu ilin 9 ayında bilet alaraq qoruğu ziyarət edən turistlərin sayı 120 mini ötüb. Onlardan 26 mini xarici turistdir. Xarici qonaqlar arasında Avstraliya və İsraildən gələnlər üstünlük təşkil edir.
Bu səfər bir daha göstərdi ki, Azərbaycanın ən dəyərli xəzinələri uzaqda deyil. Onlar paytaxtdan cəmi bir neçə saatlıq yolda, bizi gözləyir. Sadəcə bir səhər tezdən yola çıxmaq, tələsməmək və bu qədim məskənlərin hekayəsini dinləmək lazımdır.
Basqal və Lahıc görülməli yerlərin siyahısında bir sətir deyil. Onlar bir dəfə gedib, dəfələrlə qayıtmaq istəyəcəyiniz ünvanlardır.





















