Birja

ABŞ və İran arasında danışıqlar neftin qiymətini aşağı salıb (09.10.2026)

Neftin qiyməti ABŞ və İran arasında müharibənin dayandırılması və Hürmüz boğazının yenidən açılması ilə bağlı diplomatik təmasların intensivləşməsi fonunda geriləyib.

ENA.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri 2,1% ucuzlaşaraq bir barel üçün 104,32 dollara, WTI markalı neft isə 2,3% azalaraq 92,41 dollara düşüb.

Məlumata görə, tərəflər arasında müharibədən mərhələli çıxış variantları müzakirə olunur. Gündəmdəki təkliflərdən biri İranın Hürmüz boğazını yenidən açması müqabilində Vaşinqtonun İrana qarşı iqtisadi blokadanı aradan qaldırmasını nəzərdə tutur. Boğazın açılması ilə bağlı gözləntilər neft tədarükündə fasilələrin azalacağı ehtimalını gücləndirib.

Bununla belə, İran nüvə proqramı ilə bağlı mövqeyindən geri çəkilməyəcəyini bildirib. ABŞ-ın dizel yanacağının ixracını qadağan edə biləcəyi ilə bağlı müzakirələr də bazardakı qeyri-müəyyənliyi artırır.

Neft bazarında qiymətlərin sonrakı istiqaməti diplomatik danışıqların nəticələrindən və Yaxın Şərqdən tədarükün bərpasının sürətindən asılı olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)