Bank

Kredit faizlərini "məcburi ehtiyat normaları" bahalaşdıracaqmı? - RƏSMİ AÇIQLAMA

Artıq üçüncü dəfədir ki, Azərbaycan Mərkəzi Bankı məcburi ehtiyat normalarını qaldırır. ENA.az xəbər verir ki, iyul ayında verilən qərarla avqustun 15-dən məcburi ehtiyat normaları yenidən artırılır. Normal təcrübəyə görə, bu halda kredit və depozit faizləri də bahalaşır. Azərbaycanda ehtiyat normalarını artırmaqla Mərkəzi Bank nəyi hədəfləyir və kreditlərdə nə qədər bahalaşma baş verəcək?  

Bizdə fərqlidir, çünki...

ENA.az bununla bağlı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun mövqeyini oxucularına təqdim edir.

“Beynəlxalq təcrübəyə əsasən faiz dərəcələrinə sözsüz ki təsir edir, həm depozit, həm də kredit faizləri artır. Bizdə fərqlidir, çünki sərbəst vəsaitlərimizin böyük bir hissəsi hüquqi şəxslərin cari hesablarındakı qalıqlardır. Bizim diferensiasiya siyasətimizə baxsanız, biz hüquqi şəxslərin 1 milyard manatdan artıq qalıqlarına şamil edirik”.

Mərkəzi Bank sədri hesab edir ki, tətbiq edilən strategiya Azərbaycanda kredit və depozitlərin faizlərinə kəskin təsir etmir. Mütəxəssislərin hesablamalarına görə, bu təsir 0,03-0,04 faiz aralığındadır.

Bank sektorunda şok yaratmamaq üçün

“Bankların xərcləri artacaq ancaq bu çox cüzidir və bankların kredit faizlərinə təsir etməməlidir”, - Taleh Kazımovun qənaəti belədir.

Onun sözlərinə görə, planlı şəkildə məcburi ehtiyata tələblər artırılır. Çünki Azərbaycanda bu normalar uzun müddət aşağı səviyyədə olub. Mərkəzi Bank birdən-birə kəskin qaldırmaq kimi bir yol seçməyib, çünki bu, xoşagəlməz meyllər yara bilərdi. Ona görə də bank sektorunda bu şoku yaratmamaq üçün 3-4 aydan bir tənzimləmə aparılır.

Banklarımızda yüksək qalıqlar var

Yerigəlmişkən, bu addımlar sərt pul siyasətinin bir hissəsidir. Halbuki, Mərkəzi Bank pauza götürdüyünü elan etmişdi. Görünür ki, pauza dedikdə yalnız uçot dərəcəsində dəyişiklik edilməməsi nəzərdə tutulurdu və bunu rəsmi açıqlamalar da təsdiqləyir.

“Məcburi ehtiyat normalarının artırılması pul siyasətimizin sərtləşdirilməsi, sterilizasiya ilə bağlıdır. Həmçinin bu ilin əvvəlindən təmərküzləşməni azaltmaq üçün diferensial yanaşmanı tətbiq etməyə başladıq. Bu, pul siyasətinin alətidir və pul kütləsini daha effektiv idarə etmək üçün diferensial yanaşmanı mümkün edir. Bəzi banklarımızda yüksək qalıqlar var, xüsusən də hüquqi şəxslərin hesabarında. Biz təmərkəzləşməni azaldaraq sərbəst vəsaitləri banklararası bazara yönəltməyə çalışırıq”. 

Diferensial yanaşma - rəqəmlərdə

Qeyd edək ki, yeni qərarla məcburi ehtiyat normalarının həddi müvafiq düsturlarla hesablanır. Milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatadək olan hissəsi üzrə saxlanmalı məcburi ehtiyat məbləği, milli valyutada hüquqi şəxslərin depozitlərinin bir milyard manatı üstələyən hissəsi üzrə saxlanmalı məcburi ehtiyat məbləği ayrıca hesablanır.

Xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləğinin yeddi yüz əlli milyon manatadək, yeddi yüz əlli milyon manatı üstələyən hissəsi üzrə saxlanmalı məcburi ehtiyat məbləği üzrə ethiyat normaları fərqlidir.

Həmçinin fiziki sahibkarlar və fərdi sahibkarların milli, xarici valyutada depozitləri üzrə saxlanılmalı olan məcburi ehtiyat məbləği, qiymətli metallar üzrə öhdəliklərə müəyyən edilmiş məcburi ehtiyat norması da diferensialdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)