Bank

"Banklar son 7 ildə kredit portfelini 2 dəfədən çox artırıb"

Son 7 ildə Azərbaycan banklarının aktivləri 80 % artaraq ötən ilin sonuna 53 milyard manat, kredit portfeli isə 125 % və yaxud 2,3 dəfə artaraq 29,3 milyard manat olub.

Bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransının açılış günündə bildirib.

Onun sözlərinə görə, bu dövrdə vaxtı keçmiş kreditlər isə 72 % azalaraq 449 milyon manat təşkil edib: "Bütün bunlara baxmayaraq, artan kreditləşmə səviyyəmiz, aktivlərimizin həcmi bir daha bizə özəl kredit bürosunun yaradılmasının və inkişaf etdirilməsinin vaxtında və düzgün qəbul edilmiş qərar olduğunu bir daha göstərib".

Z.Niriyev qeyd edib ki, effektiv kredit məlumatlarının toplanması, saxlanması, təhlili və paylaşması istənilən ölkənin maliyyə sabitliyi, risklərin idar olunması və iqtisadi inkişafında həlledici rol oynayır: "Bizim üçün Azərbaycanda kredit bürosunun yaradılması və inkişaf etdirilməsi zamanın bir çağırışı idi. Azərbaycanda kredit reestr formasında mövcud olan kredit məlumatları tarixçisinin inkişaf etdirilməsi artıq Azərbaycan bankları qarşısında duran ən mühüm vəzifələrdən biri idi. Bu məqsədlə 2018-ci ildə Azərbaycan banklarının birgə səyi nəticəsində, Azərbaycan Mərkəz Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə ölkədə ilk kredit bürosu təsis edildi. Təbii ki, təsis edildiyi dövrlə bugünkü dövrü müqayisə etdikdə, kredit bürosu bu dövr ərzində demək olar ki, inqilabi bir yol keçib”.

O qeyd edib ki, 2018-ci ildə cəmi 8 bankın iştirakı ilə yaradılan və 10 nəfər işçi heyətindən ibarət olan Kredit Bürosunun əməkdaşlarının sayı 50 nəfəri ötüb: "İlk mərhələdə yalnız kredit tarixçiləri haqqında bizə məlumatlar Kredit Bürosundan təqdim edilirsə, bu gün artıq bu xidmətlərin sayı 35-dən yuxarıdır. Əvvəlki dövrdə kredit bürosunun əməkdaşlıq etdiyi təşkilatların sayı yalnız banklar və BOKT-lardan ibarət idisə, bu gün artıq əməkdaşlıq edən və xüsusən könüllü əməkdaşlıq edən təşkilatların sayı 270-ə çatıb".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)