Azərbaycanın ən iri dövlət bankının vəziyyəti necədir? - HESABAT
SOCAR-ın 1 milyard ABŞ dolları məbləğindəki avrobondları üzrə əsas borcu ödəməsi ilə bağlı “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-də yerləşən aktivlərini çıxartması ilə bu bankın aktivlərində ciddi azalma göstəricisi yaranıb. Bankın mənfəətində isə 38,5%-lik artım baş verib və qazancının həcminə görə TOP-3 ölkə bankları arasındadır.
Aktivlərin 35,6%-ni kredit portfeli tutur
ENA.az xəbər verir ki, 2023-cü ilin əvvəlində reallaşan bu əməliyyat nəticəsində yanvar-iyun ayları üzrə ABB-nin aktivlərində 16,3% bir azalma hələ də qalır. Bankın cəmi aktivləri 11 milyard 749 milyon 455,83 min manat təşkil edir.
Aktivlərin 35,6%-ni kredit portfeli tutur, belə deyək ki, bu göstərici 40%-dən aşağı olduqda bankın kreditləşmədə aktiv olmaması qənaətini yaradır. Bu ilin yanvar-iyun aylarında Bankın kredit portfelinin həcmi 18,6% artıb və 4 milyard 187 milyon 936,81 min manata çatıb. İstehlak kreditləri 19,3% böyüyərək 1 milyard 160 milyon 517,68 min manata, biznes kreditləri 21% artaraq 1 milyard 981 milyon 275,32 min manata, daşınmaz əmlak krediti 13,7% artaraq 1 milyard 46 milyon 143,81 min manata bərabər olub. Göründüyü kimi, dövlət bankı istehlak kreditlərinin verilməsində də aktivdir və gəlirlərinin formalaşmasında bu portfel xüsusi yer tutur.
Bankın aktivlərinin 2 milyard 289 milyon manatı ticarət və investisiya qiymətli kağızlarında, 2 milyard 470 milyonu başqa maliyyə qurumlarında depozit kimi saxlanılır.
Əhalinin qoyduğu əmanətlər artıb
Bankın öhdəlikləri 19,7% azalaraq 9 milyard 963 milyon 513,36 min manata düşüb. Dekabrın 31-nə ABB-nin depozitlərinin həcmi 8 milyard 524 milyon 966,24 min manatdır və 2022-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə 19,7% kiçilib. Əhalinin dövlət bankına qoyduöu əmanətlərin həcmi isə 5,9% artaraq 2 milyard 19 milyon 179,13 min manat təşkil edib.
Məcmu kapitalın adekvatlıq əmsalı yüksəkdir
Bankın kapitalı 9,4% yüksəlişlə 1 milyard 785 milyon 942,47 min manatdır. Artım bölüşdürülməmiş mənfəətin 164 min manat artaraq 375 milyon 221.24 min manata yüksəlməsi ilə əlaqədardır. Nizamnamə kapitalı dəyişməyərək 1 milyard 225 milyon 647,82 min manata bərabərdir. Məcmu kapitalın həcmi 1 milyard 674 milyon manatdır və məcmu kapitalın adekvatlıq əmsalı yüksəkdir - 21.35% təşkil edir.
Dövlət büdcəsinə 50 milyondan çox vergi ödəyib
ABB birinci yarım ili 164 milyon 37,62 min manat məbləğində xalis mənfəətlə başa vurub. Bu, 2022-ci ilin birinci yarısı ilə müqayisədə 38,5% çoxdur. Bankın faiz gəlirləri 376 milyon 426.25 min manat, faiz xərcləri 64 milyon 972.39 min manat, qeyri-faiz gəlirləri 92 milyon 738.85 min manat, qeyri-faiz xərcləri 159 milyon 598.93 min manat, ümumi ehtiyata ayırmalar 29 milyon 790.35 min manatdır. Bank dövlət büdcəsinə 50 milyon 765.8 min manat mənfəət vergisi ödəyib. Bankın məlumatına görə, 1 iyul 2023-cü il tarixinə ümumi bölüşdürülməmiş mənfəət 375 milyon 221,24 min manat (artım 77,7%) həcmində qiymətləndirilir.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın səhmdarları 18 hüquqi və 1759 fiziki şəxsdir: səhmlərin 96,37%-i dövlətə məxsusdur. ABB-nin kapitalında Maliyyə Nazirliyinin payı 92,56% təşkil edir. Bankın nizamnamə kapitalı 1 milyard 225 milyon 647,82 min manata bərabərdir. Kapital bir qiymətli kağız üçün nominalı 0,27 manat olan 4 milyon 539,437 min səhmə bölünüb.