Kredit götürüb bank almaq olarmı - Uşaqlar bankirlərdən nələri soruşdular?

Accessbank jurnalist uşaqları ilə bank rəhbərliyinin görüşünü keçirdi. Görüş 1 İyun Uşaqların Müdafiəsi Gününə həsr edilmişdi. Rəhbərlik bank üçün mühüm qərarların alındığı otaqda uşaqların mühüm hesab etdikləri suallara cavab verdi. Oxuyun, nələri soruşdular.
Bankirlər: Davit Tsiklauri İdarə Heyətinin sədri, Renat Hümbətov İdarə Heyətinin üzvü, Baş Biznes inzibatçısı, Teymur Ağakişiyev Baş Əməliyyat İnzibatçısı, Fərid Heydərov İT İnkişaf Departamentinin rəhbəri.
- İlk sualı kim verəcək?
- Olar mən verim. Dollar/Manat, Avro/Manat məzənnəsi necədir?
- Bank CEO-su kimi son məzənnəni bilmirəm (gülür-red) Biz hər gün Mərkəzi Bankdan məzənnə kursunu alırıq. Bankın bu prosesdə rolu ondan ibarətdir ki, biz valyutanı ala və sata bilərik və beləliklə pul qazana bilərik. Məsələn, dolları 1.70-dən alıb 1.7025-ə satmaqla müəyyən gəlir götürmək olar.
- Sizdə kriptovalyuta sistemi varmı?
- Bizdə hələki yoxdur, amma kriptolara maraq böyükdür. Ola bilər ki, gələcəkdə investisiya aktivi kimi istifadə edilsin.
- Siz nə ilə məşğul olursunuz?
- Bank əsas pulla işləyir. Çoxlu pulu olanlar həmin pulun işləməsi, gəlir gətirməsi üçün depozit qoyurlar. Bugün siz 100 manatı 5 illik depozit qoysanız, o artacaq. İlk investisiya elə depozitdir və erkən yaşlardan bunu edin. Biz pulu olanlardan pulu götürürük, olara faiz ödəyirik və həmin pulu böyümək, inkişaf etmək istəyən biznesə satırıq. Biz əgər işimizi yaxşı görsək, hər iki tərəf razı qalacaq.
- Aaa super. Onda mən kredit götürüb bank ala bilərəm?
- Qlobal sualdır Texniki cəhətdən bəli, ala bilərsiniz. Amma kredit götürməyin böyük məsuliyyəti var. Bank kredit verərkən mütləq araşdırma aparır. Çünki biz banka pul qoyan şəxsin vəsaitini digər şəxsin istifadəsinə veririk. Ona görə də təhlil edirik ki, həmin şəxs pulu vaxtında qaytara biləcəkmi. Biz çoxlu, cürbəcür insanlarla işləyirik. Onların arasında müxtəlif peşələrin sahibləri var və çalışırıq ki, onların hamısı xidmətimizdən razı qalsın.
- Mən bankdan kredit götürsəm, sonra bankı alsam, o zaman krediti qaytarmaq lazım olmayacaq...
- Yaxşı sxemdir Amma belə olmur, çünki sizin ödəmə qabiliyyətiniz yoxlanılır, girov qoymalı olursunuz. Kreditor krediti qaytarmasa belə biz depozitara pulunu qaytaracağımıza söz veririk. Bankın işi odur ki, ciddi şəkildə təhlil aparsın.
- Onda mən bankdan kredit götürsəm, sonra bankı alsam, sonra bankdan qazandığım pulla kreditimi ödəsəm...
- Sxem dərinləşir Bunu etmək çox çətin olar. Biz sizə 15 illik kredit versək, özü də böyük həcmdə edə bilərsiniz. Bunu da hazırda heç kim etmir, kreditlər daha çox 3 illikdir. Ona görə də başqa mənbəniz olmalıdır.
- Mən sizə 1000 manat qoysam gələn il nə qədər olacaq?
- Yaxşı sualdır. Hazırda depozit faizlərimiz 11-12 faizdir. Uzun müddətli olduqda 12 faiz, birillik olduqda 11 faiz ilə sizə pul ödəyə bilərik. Yəni bir ildən sonra 110-120 manat almaq olar. Pullar kimdədir?
- Atamda.
- Bizə hər iki kateqoriya da lazımdır, pulu olan da, olmayan da. Pulu olandan götürüb, olmayana satırıq.
- Biz dollar alırdıq. Siz dolları çox baha satırsınız. Məsələn dolları 1.7025-ə satırsınız. Bu, digər banklara baxanda çox bahadır, niyə?
- Elə də baha deyil, biz 100 dollara 25 qəpik qazanırıq. Bu əməliyyatları həyata keçirmək üçün xərclərimizi də nəzərə alın. Pulu gətirmək, saxlamaq, siqnalizasiya, polis, işçinin əmək haqqı və s. Banka oradan çox cüzi gəlir qalır. Həm də biz daha çox kotporativ bankıq. Biznesə, xüsusən də mikro biznesə xidmət edirik. Bizim dollar-alqı satqısı ilə məşğul olmağa böyük marağımız yoxdur. Biz daha çox daxili, öz müştərimizin valyuta əməliyyatlarını həyata keçiririk. Elə müştərimiz olur ki, biz ona dolları Mərkəzi Bankın kursundan da aşağı satırıq.
- Mən peşə seçimi etməyə hazırlaşıram. Sizcə data analitikanı, yoxsa kiber təhlükəsizliyi seçim?
- Hər ikisi də lazımlı sahədir. Əsas odur ki, siz hansını sevirsiz. Əgər soruşmaq istəyirsinizsə hansı daha çox maaş alır, deyə bilərəm ki, bizim bankda hər iki sahə üzrə şöbə var və maaşlar eynidir.
- Accessbankın bankomatları çox azdır. Bu nə ilə bağlıdır?
- Dövlətin yanaşması budur ki, nağd ödənişlər azaldılsın. Bankomatların sayının çox olması bu siyasətə ziddir. Nağd pula olan tələbat 5 il əvvələ baxsaq azalıb. Ancaq anlayırıq ki, hələ də əhalinin nağd vəsaitlərə ehtiyacı var. İstəyirik ki, bankomatlarımız hər yerdə olsun, amma çalışırq ki, qızıl ortanı qoruyaq.
- Accessbankın beynəlxalq departamentinə rəhbərlik etmək üçün hansı bacarıqlar tələb olunur?
- İlk növbədə dil. İngilis dilini çox yaxşı bilməlisiniz. İT-ni 6 aya, menecmenti 2 aya, biznesi 2 günə sizə özümüz öyrədərik. Siz əsas odur ki, bizə gəlin.
Tövsiyyələr:
Oxuyun, özünüzü daim inkişaf etdirin
5 gün bundan əvvəl 45 yaşım tamam olub və mən ötən il yenidən ali məktəbə qəbul olmuşam. Trenddə qalmaq üçün gərək daim öyrənə, biliklərini yeniləyəsən.
İT 10 il əvvəl köməkçi rolunda idisə, indi inkişaf edən bank sektorunun ayrılmaz hissəsinə çevrilib. Hansı işlə məşğul olursunuzsa olun, İT və rəqəmsallaşma bilikləri sizə daim lazım olacaq.
İdeyalar dəyərlidir – qorxmayın paylaşmağa. Sahibkarlıq düşüncəsini inkişaf etdirin. Uşaqlar tez-tez yaradıcı və fərqli fikirlərlə çıxış edə bilərlər. Bu ideyaları dəyərləndirməyi öyrənin.