Azərbaycanda 10 günəş və külək enerji stansiyaları tikiləcək

Növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi ilə bərpa olunan enerjinin inkişafının birinci mərhələsi tamamlanacaq.
Bu barədə nazir Pərviz Şahbazov Bakı Enerji Forumunda “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda keçirilən plenar sessiyada çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu çərçivədə bu il 240 MVt gücündə külək elektrik stansiyası istifadəyə veriləcək, 200 MVt gücündə üç günəş stansiyasının tikintisinə başlanacaq.
“2,7 milyard dollar investisiya dəyəri olan bu yaşıl enerji gücləri ilə quraşdırılmış gücdə bərpa olunan enerjinin payı 2027-ci ildə 33,7 faizə çatacaq. Planlarımız bu göstəricini 2030-cu ildə 38 faizə, 2035-ci ildə isə 42,5 faizə yüksəltməkdir. Növbəti 5 il ərzində quruda və dənizdə yaradılacaq 6 QVt-dan çox yaşıl enerji gücünün 4 QVt-ı ixraca yönəldiləcək. Həmçinin yaşıl enerji zonası Naxçıvanın 6 QVt bərpa olunan enerji potensialının ən azı 1 QVt-ı ixrac ediləcək”, – Pərviz Şahbazov qeyd edib.