Texnobloger: "Tarif hər ay 2 manata yenilənəcək" - Mobil operatorun boykot edilməsinə çağırışlar var

"Azercell"in iyulun 1-dən danışıq kartlarının istifadə müddəti və internet tarifləri ilə bağlı tətbiq etdiyi yeni dəyişikliklər geniş müzakirələrə səbəb olub. Xüsusilə, sosial şəbəkələrdə istifadəçilər dəyişiklər nəticəsində tariflərin qalxacağı və danışıq kartlarının nominalına uyğun istifadə müddətinin azalacağından şikayətlənərək, mobil operatorun boykot edilməsinə dair çağırışlar edirlər.
İKT mütəxəssisi, texnobloger Fərid Pərdəşünas sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib ki, istifadəçilərin xəttlərinin aktiv saxlanması üçün gündə 1 manat, ayda 30 manat balansa ehtiyac yoxdur. Tarif planının aylıq haqqını ödəmək kifayət edir. "Azercell"im və "Bölgə" planlarında olanlar ya indidən keçid etməklə, ya da plandan çıxmayanlar ayda 2 manat ödəməklə davam edə biləcəklər.
"Beləliklə, 30 gün xəttiniz açıq qalacaq. Tarif hər ay 2 manata yenilənəcək. 2 manat yükləmədiyiniz halda isə xətt 90 gün bir tərəfli açıq qalacaq. Məsləhətim odur ki, tarif paketlərinizi indidən öyrənin və ödənişləri ona görə həyata keçirdin", - mütəxəssis əlavə edib.
Xatırladaq ki, yanvar-aprel aylarında mobil operatorlar 388 milyon manat gəlir əldə ediblər. Bu sahədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 7,8% artaraq 1122,3 milyon manat təşkil edib ki, onun da 74,6%-i əhali tərəfindən istehlak olunub.
Hesabat dövründə rabitə xidmətlərinin qiymət indeksi 2024-cü ilin yanvar-aprel aylarına nisbətən 0.1% artıb.