Nabil Seyidov Mərkəzi Gömrük Hospitalına rəis müavini təyin olunub
Mərkəzi Gömrük Hospitalına yeni rəis müavini təyin olunub.
Nabil Seyidov Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, o, tibb sektorunda 21 il, o cümlədən ictimai səhiyyə sektorunda 9 ildən artıq iş təcrübəsinə malikdir. N.Seyidov Azərbaycan Tibb Universitetini 2002-ci ildə fərqlənmə ilə bitirdikdən sonra Moskva şəhərində A.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi üzrə Elmi Mərkəzdə klinik ordinaturanı, daha sonra aspiranturanı bitirib.
O, 2009-2010-cu illərdə ABŞ-ın Merilend ştatının Baltimor şəhərində daxili xəstəliklər üzrə internatura, 2011-2012-ci illərdə isə Vaşinqton ştatının Sietl şəhərində ümumi cərrahiyyə, travmada təcili və təxirəsalınmaz yardım, yanıqlar və kardio-vaskulyar cərrahiyyə üzrə 1 il internatura və beynəlxalq mütəxəssislər üçün xüsusi sertifikatlaşdırılmış ixtisasartırma kursu keçib.
ABŞ-dan qayıtdıqdan sonra Azərbaycanda müxtəlif özəl tibb müəssisələrində kardioloq və həkim terapevt kimi fəaliyyət göstərmişdir. 2014-cü ildən isə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist, şöbə müdirinin müavini və 2018-ci ildən şöbə müdiri vəzifələrində çalışıb. 2018-2019-cu illər ərzində isə Səhiyyə nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri işləyib.