Boşanmadan sonra qızıl-ziynət əşyaları kimdə qalmalıdır?
“Nikahın pozulmasından sora tərəflər arasında çəkişməyə səbəb olan məsələrdən biri də qızıl-ziynət əşyalarının kimdə qalması ilə bağlıdır”.
Bunu vəkil Araz Nurməmmədov deyib.
Onun sözlərinə görə, bununla bağlı iddia qaldıran tərəf iddianın təmin olunması üçün qızıl-ziynət əşyalarının mövcud olmasını, iddiaçıya məxsus olmasını və cavabdehin qanunsuz sahibliyində olmasını sübut etməlidir.
“Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri, yəni geyim, ayaqqabı və sair nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Lakin hədiyyə şəklində verilən əşyalar kimə verilibsə, artıq onun əmlakı hesab edilir. Yəni qızıl-ziynət əşyaları şəxsə hədiyyə şəklində verilən əmlak hesab edildiyi üçün verilən şəxsin mülkiyyətində olur. Bu, o deməkdir ki, ziynət əşyaları hər bir halda arvada məxsusdur. Lakin iş artıq məhkəməyə gedirsə, iddiaçı ilk növbədə sözügeden əşyaların mövcud olduğunu sübüt etməlidir. Bu əşyaların mövcudluğu foto və video vasitə ilə sübut oluna bilər. Yəni qızıl-ziynət əşyalarının arvadın üzərində olduğunu əks etdirən foto və ya videogörüntülər məhkəməyə sübut kimi təqdim oluna bilər. Onu da qeyd edim ki, arvad tərəfindən ərə hədiyyə edilən ziynət əşyaları isə ərə məxsus hesab olunur”, – deyə vəkil bildirib.
A.Nurməmmədov deyib ki, qızıl-ziynət əşyalarının cavabdehin qanunsuz sahibliyində olmasını sübut etmək bəzən çətin olur: “Əgər arvad müəyyən münaqişə zəmnində evi tərk edirsə, bu halda qızıl-ziynət əşyalarını götürmək təbii ki, onun yadına düşmür. Məhkəmə də bu halı nəzərə alıb iddianı təmin edir. Lakin iddiaçı tərəf rahat bir şəkildə əşyalarını yığaraq evi tərk edibsə və cavabdeh həmin əşyaları götürməsi üçün iddiaçının imkanı olmasını məhkəmədə sübut edə bilirsə, bu zaman bəzi hallarda iddiaçının iddiası təmin olunmur”.