BİZNES

Azərbaycanda böyük bizneslər niyə çökür - 2

Bloqumda paylaşdığım “Azərbaycanda “böyük” bizneslər niyə çökür?” adlı məqaləm paylaşıldıqdan sonar bir gündə 3000 dəfədən çox  oxundu. Amma məqalə özü ilə suallar gətirdi : “çıxış yolları nədir? Nə etməli ki, biznes bu kimi vəziyyətlərlə üzləşməsin?” 

Bu yazım, öncəki məqaləmdə olan hər maddə üçün cavab olmaqla bərabər, həm də işadamları və üst idarəçilərə üçün ümumi tövsiyyə xarakterlidir.
 

     1. Biznesə yüngül səyahət kimi baxmaq.

Açıqlama. Sevdiyim sözlərdən biri : “Əgər hər gün 8 saat effektiv işləsən, səni rəhbər edəcəklər və artıq gündə 12 saat işləyəcəksən”. Davamını isə mən özüm belə əlavə edirəm : “Əgər sahibkar olmaq istəyirsənsə, o zaman həftədə 7 gün, hər gün 12-14 saat işləməyə öyrəşməlisən”. Bu qədər işləmək belə, rahatlığın və stabilliyin qarantiyası deyil, çünki iş həyatı, xüsusiyyətlə də sahibkarlıq fəaliyyəti, qeyri-müəyyənliklərlə dolu böyük səyahətdir. Ayın sonunda dövriyyəsi milyonluq olan şirkətin sahibi hərkəsin maaşlarını, vergiləri, xərcləri ödədikdən sonra evə…. cibi boş gedir.

Biznes və sahibkarlıq fəaliyyəti haqqında digər vacib məqam. Steve Jobs kimi insanların böyük uğurlarını, yüzlərlə milyon qazandığını, səhnədə nə qədər sərbəst davrandığını, özünə olan güvənini, bir çırtmada böyük yatırımlar etdiyini görənlər elə bilirlər ki, biznes bu qədər sadədir.

Qısaca deyim : Steve Jobsun uğurları ilə birlikdə ÇOX böyük uğursuzluqları və özgüvənin tam aşağıda olduğunu, onun ciddi sıxıntılarla qarşılaşdığını, səhnədə çıxışdan öncə HƏR DETAL üzərində həftələrlə manyakca işlədiyini sadəcə bilmirlər.

Sahibkarlıq fəaliyyəti o qədər mürəkkəb və minlərlə fərqli məqamlar, meyyarlarla dolu bir işdir ki, hər insan bunun altına girə bilməməklə bərabər, başladıqdan sonra davam edə bilmir. Məntiqli və yaxşı ideyanın olması vacibdir, amma uğurlu olmaq üçün kifayət etmir. 

Bu yaxınlarda sahibkar bir xanıma sual verdim – necə uğurlu oldunuz? “İlk 8 ili heç bir mənfəət olmadan, bəzən səhərlərə qədər gecələr boyunca işlədim” dedi.

Çıxış yolu. Daim komfort zonası xaricində olmağa, böyük zəhmətə, problemlərə, sıxıntı və maneələr hazır olmaq. Bunlar, sahibkarlıq fəaliyyətinin ayrılmaz parçasıdır. Öncədən psixoloji hazırlıq çox vacibdir. Biznes heç bir zaman yüngül səyahət olmayacaq, çünki rəqiblər daim irəli gedir, yeniləri bazara daxil olur, müştəri davranışları dəyişir, texnika və texnologiya inkişaf edir. Amma sahibkar olaraq bu yola çıxmadan öncə çətinlikləri bilmək və bunları nəzərə almaq lazımdır.
Kiçik qeyd. Amma bütün bunların mənfi tərəflərinin üstünü örtən bir xüsusiyyəti var sahibkarlığın – AZADLIQ.

 

     2. Day-daya güvənmə.

Açıqlama. Biznesin fərqli mərhələlərində bəzən şirkətə dəstək lazım olur. Bu normaldır, və olmalıdır da. Şirkətin bəzən mənfəət verməməsi də mümkündür və bu da ola biləcək vəziyyətdir. Vacib olan mövcud vəziyyət deyil –  şirkətin hara və necə getdiyidir.

Misal üçün, bir firma bu gün mənfəət əldə etmir, gəlir ilə xərcləri arasında olan boşluğu kənardan aldığı borclarla ödəyirsə, bu ancaq o halda normal qəbul edilə bilər ki, şirkətin dəqiq planları, aktiv satış fəaliyyəti, marketinq tədbirləri var və nə zaman hansı mənfəəti edəcəyini təxmin edilir. Amma şirkətin fəaliyyəti tamamən dotasiyalar hesabınadırsa və orada işləyən hərkəs tam effektiv işləmədən maaş alırsa, gəlir əldə edirsə, bu qurumun işləri, ilk çalxantıya qədər yaxşı olacaq.

Çıxış yolu. Planlı olmaq, doğru insanları işə almaq, məsuliyyətlə bərabər mütəxəssislərə səlahiyyət və sərbəstlik vermək, komandada işləyən insanları bir-bir üzüyün üzərindəki qaşlar kimi seçmək. Davamlı xərclər üzərində işləmək və gəlirlərin artırılması istiqamətində fəaliyyəti durdurmamaq, əldə edilən mənfəətdən isə “toxunulmaz” bir rezerv yaratmaq. Belə olduğu halda kənardan day-day dəstəyinə ehtiyac belə qalmayacaq.
 

     3. Həyata cəhrayı eynəklə baxma.

Açıqlama. Bill Gates.in bir kitabını oxumuşdum. O kitabda bəlkə də hər 10 səhifədə ən az bir dəfə “rahat deyildim, nə qədər də işlərimiz yaxşı getsə də,  narahat idim” kimi sözlər yazılırdı. Adam, milyarder olduğu halda belə, davamlı gələcəyə doğru baxırdı və bu gün etdikləri ilə qane olmayaraq, bu günə olan uğurlarının bir gün geridə olacağını və qarşısında yeni sahələrin, rəqiblərin, vəziyyətlərin çıxacağının fərqində idi.

Böhrandan sonra məni görüşlərə, konsultasiyalara dəvət edən sahibkarlarla görüşlərdə sıxıntıları, satışların zəifləməsi, xərclərin artdığını və mənfəətin kəskin şəkildə azalması haqqında danışırlar. Bir neçə sualdan sonar aydın olur ki, yüksək gəlirlərinin olduğu dövrlərində “gələcək inkişaf” sözləri ancaq mağaza, məhsul və satıcı sayının artması mənasına gəlirdi onlar üçün və əldə etdikləri nailiyyətləri HR, marketinq, brendin qurulması, komandasnın gücləndirilməsi kimi mövzularda heç düşünmürdülər.

Çıxış yolu. Biznes nə qədər güclü görünsə də, rahatlamaq olmaz. Satışların çox olması, gəlirlərin yüksəkliyi aldadıcı olmaqla bərabər, həm də problemlərin üstünü örtür. Qarşısı alınmayan problemlər müdaxiləsiz qaldıqda isə böyüyür və satışlar zəiflədiyi anda, böyük dağ kimi sahibkarın qarşısında çıxır.

Bu gün mənim partnyorlarım arasında bir sahibkar var, biz onunla həftədə bir dəfə görüşürük. Məndən istədiyi sadəcə bir mövzu var : bizim bütün işlərimiz haqqında fikir bildir və tənqid et. Bunun səbəbi isə çox sadədir : davamlı işin içində olan insan artıq problemlərə alışır və onları görməyə bilər. Kənardan gələn təcrübəli insan isə hər zaman daha “aydın” və yorulmamış gözlərlə baxacaq.  
 

     4. İşdə qohumların və digər yaxınlıq dərəcələri olan insanların işləməsi

Açıqlama. Bu mövzuda yanaşmam belədir : qohum, əqrəba, dost, tanış və yerlilərlə əlaqəllər, iş yeri xaricində və saat 6.dan sonra olmalıdır. İşdə gərginlik də olur, anlaşmazlıqlar da; bəzən əməkdaşlardan hansısa məsələ ciddi tələb edilməlidir. İş əlaqələri xaricində duyğu və emosiyaların və ya digər əlaqələrin meydanda olması işin effektivliyinə birbaşa təsir edir.

Sadə misal. Hərkəsin marketinq haqqında danışdığı dövrdə, bu gün ən az 5 böyük şirkət tanıyıram ki, marketinq fəaliyyətini “yaxşı oğlan” statusunda biri idarə edir. Və iclaslarda “niyə satışımız artmır?” kimi naiv suallar soruşulur.

Çıxış yolu. İşə peşəkarları cəlb etmək. Xəstə olanda kim “bibim oğlu yaxşı insandır, gedim, məni müalicə etsin” deyir? Yaxşı, səmimi olmaq ayrıdır, işi bilmək ayrı. İdarəçilik, marketinq, HR kimi mövzular hər biri ayrıca elmi sahədir artıq və bu mövzularda mütləq biliklər olduqca vacibdir. 
 

     5. Şirkətlərdə ancaq 2 şöbə işləyirdi : satış və xəzinədarlıq.

Açıqlama. Biznesin struktur bölmələrinə baxsaq, satış bu gün üçün olan fəaliyyətdir. Amma satışa nəğd pul gətirən sahə kimi baxılması belə səhvdir. Hər zaman satış personalına dediyim bir cümlə budur : Sizə məhsul üçün müraciət edən hərkəs bu gün məhsulu almaya bilər. Məqsədiniz, bu gün məhsulu ona satmaq olmamalıdır – potensial bir müştərinin şirkətiniz, brend, məhsul və xidmət haqqında doğru və müsbət fikirlə sizdən ayrılmağınızı təmin etməkdir. Belə halda bu gün o məhsul və ya xidmətə ehtiyacı olmayan insan, belə ehtiyacı olduğu zaman ağlına ilk öncə sizin şirkət gələcək, çünki onunla əlaqəli xoş və pozitiv təəssüratı olub.  

Bu məsələylə bağlı digər vacib məqam budur – biznesin ana məqsədi, ANCAQ bu gün məhsul və xidmət təqdim etmək deyil. Davamlı rəqabətə dözə bilmək üçün insanların yetişdirilməsi, müştəri qarşısında brendin gücləndirilməsi, daha peşəkar mütəxəssislərin cəlb edilməsi üçün işə götürən imici üzərində işləmək, biznesin idarə edilməsini daha rahat edilməsi üçün vahid standartların tətbiq edilməsi, müxtəlif nəzarət mexanizmlərinin qurulması, şirkətin işlərinin inkişafı və peşəkarların şirkətə sadiqliyi və bağlılığını təmin etmək məqsədi ilə əməkdaşlar üçün fərqli motivasiya sistemlərinin qurulması kimi onlarla istiqamətlərdə işlər aparılmalıdır.

Ən sadə misal : işçilərini ANCAQ maaşla tutmağa çalışan şirkət, rəqibin əməkdaşlara daha yüksək maaş təklif etməsi ilə onları itirəcək. Amma bu şirkətdə doğru və müsbət psixoloji ab-hava, insanların özlərini ifadə edə bilmə sərbəstlikləri, məsuliyyətlə bərabər səlahiyyətlərin də onlara verilməsi, təşəbbüslərin dəstəklənməsi və onlara qarşı ciddi yanaşma, daxili inkişaf sisteminin olması halında, rəqib şirkət rəqəblərə güvənərək heç nə edə bilməz. Sadalananların hamısı, ciddi,  kompleks və uzun müddətli işlərdir.  Bu işləri etməyən şirkətin rəqabətə dözmə şansı belə yoxdur.

Çıxış yolu. Şirkətlərin ümumi “biznes” immunitetinin artırılması üçün ciddi fəaliyyət aparılmalıdır və bu işlər mövsümi xarakter daşımamalıdır. Uzun müddətli strategiya və planların olması ilə birlikdə, bunlara əsaslanan illik əməliyyat planları da olmalıdır. “Planlı fəaliyyət” deyəndə ancaq satış planı nəzərdə tutulmamalıdır.

Bunları etmək üçün şirkət rəhbərləri BÜTÜN şirkət idarəçilərini bir yerdə toplayaraq 3-5 gün ərzində bir yerdə strategiya, gələcək məqsədlər və planlar üzərində ciddi çalışmalar etməlidir. 3 il ərzində satışlarını yüksəltmək, mağaza sayını artırmaq istəyən, amma parallel olaraq əməkdaşlarının inkişafını və bilik və təcrübə səviyyəsinin artırılmasını planlamayan və buna yatırım etməyən şirkət, öz çöküşünü planlaşdırır.

Təcrübəmdə onlarla şirkətlər üçün bu kimi fəaliyyətlərə rəhbərlik etmişəm. 1 gün sonra belə şirkət rəhbərləri və idarəçiləri öz işlərinə tamamilə fərqli şəkildə baxırlar. 3 gün sonra isə şirkətin bütün sahələr üçün ciddi planları olur. 
 

     Şirkət sahibləri və rəhbərlərinə əlavə məsləhətlərim bunlardır :

1. Şirkətinizdə sizləri tərifləyən, uğurlarınız haqqında sizin özünüzə danışan insanları özünüzdən dərhal uzaqlaşdırın. Onlar, sizi yatızdırır və aldadıcı rahatlıq hissi verirlər. Təbii ki, uğurlara sevinmək və onları komanda ilə birgə qeyd etmək lazımdır. Amma hədəfdə növbəti uğurlar olmaldır. Rahatlamayın.

2. Davamlı yanınızda bir peşəkar olsun- sizə nöqsanları göstərən bir insan. Onun dediyi 100 məsələdən 10 məqamı diqqətə alsanız belə, sizin üçün müsbət haldır. Kənardan şirkətinizə və işlərinizə bir peşəkar gözü ilə baxmağa alışın. Bu normaldır və doğrusu da budur.

3. Eqonuzu qoyun kənara. Sahibkar və ya üst idarəçi olduğunuz üçün, “mən hər şeyi bilirəm” modundan çıxın. Əgər Bill Gates davaml kitab oxuyub öyrənirsə…. Demək ki, bizlərin də hər zaman öyrənəcəyimiz nələrsə var.

4. Tabeçiliyinizdə olan insanlara bacarıqlarını və biliklərini nümayiş etdirmək üçün şərait yaradın, onlara dəyər verin və sonra nəticələr sizi təəccübləndirəcək.

5. İşçilərin təşəbbüskarlığını boğmayın.Onlara fikirlərini sərbəst ifadə və səhv etmə şansını tanıyın. 200 əməkdaşı olan şirkətin əslində çox güclü bir beyin sərmayəsi var -əgər onu istifadə etsə. Etmədiyi zaman isə, şirkət, ancaq bir və ya bir neçə insanın beyninə görə işləyəcək.

6 Bütün işlərinizdə ön planda ancaq müştəri və onun məmnunluğu olmaldır. Şirkəti bir rəhbəri var – CƏNAB MÜŞTƏRİ. Onun xaricində hərkəs ona işləyən əməkdaşlardır. Üzərində oturduğunuz rahat kreslo, komfortlu kabinetləriniz məhz müştərinin ödədiyi vəsaitlərlə alınıb.

7.İşə aldığınız insanların şəxsi keyiyyətlərinə və mənəvi dəyərləinə diqqət edin. Biznesdə hər şey insanla başlayır və insanla da bitir. Sizinlə eyni dəyərləri paylaşmayan insanları işə almayın və bu mövzuda çox seçici olub. 100 nəfərdən bir insan seçin, çünki o insanlar böyük yol gedəcəksiniz. Doğru insanı seçmək üçün

8. İşə cəlb etdiyiniz mütəxəssis və peşəkarlara sərbəstlik verin. İşə peşəkarı cəlb edib ona istədiyinizi etdirmək, boş yerə pul xərcləməkdir, çünkio olmasa da, sizin dediklərinizi insanlar edəcəkdi.

 

Bütün ölkələr iqtisadiyyatın və biznesin inkişafı yolunda müxtəlif mərhələlərdən keçiblər. Bizim üstün tərəfimiz odur ki, bizdən öncə inkişaf etmiş ölkələr var və biz onların təcrübələrindən istifadə edə bilərdik. Amma zəif tərəfimiz odur ki, istifadə etmədik və hər şeyi öz təcrübəmizlə, çətinliklərlə üzləşərək öyrəndik və öyrənməyə davam edirik.

Ümid edirəm ki, sahibkarlarımız baş verən proseslərdən doğru nəticələr çıxaracaqlar və bizneslərinin “immunitetini” gücləndirəcək uzun müddətli addımları atacaqlar.

agaev.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)