Bank

Banklar üçün Azərbaycan bazarında ən riskli məsələ nədir? - Müsahibimiz Anar Həsənovdur

Azərbaycan banklarında, xüsusən də biznes kreditləri ilə bağlı ciddi bir problemli borc portfeli var. Son bir ildə “YeloBank”ın maliyyə göstəricilərinə baxsaq, bu katerqoriyadan olan borcların yığılmasının müsbət nəticələrini görə bilərik. Müsahibimiz “YeloBank” ASC-nin İdarə Heyətinin sədri Anar Həsənovla söhbətimiz də bu barədə suallarla başladı  

- “YeloBank”da mürəkkəb bir borc sistemi var idi. Problemli kreditlər həddən artıq çox idi və nəticədə böyük zərər yaranmışdı. İndi aktivlərdə vəziyyət necədi?

- Çox keçmişi şərh edə bilmirəm, niyə bank 2021-ci ilə qədər bu problemli kreditlərin yığımında uğurlu olmayıb, demək çətindir. Ancaq komanda yenilənəndən sonra da gördük ki, doğurdan da burda bəlli bir kredit portfeli var, hansı ki işlənilməyib, onun üzərində başladıq çox ciddi məşğul olmağa. Əsas məqam o idi ki, ya gərək sürətli şəkildə gəlirləri artırasan, ya da xərcləri azaldasan. Biz nə ixtisarlara getmək, nə filialları bağlamaq, nə də ciddi şəkildə bankda işçi sayını azaltmaq istəmirdik. Düzdür, kimlərsə əvəzlənir və bu təbii prosesdir. Müqayisə ilə götürsək, hətta ötən bir ildə işçi sayımız artıb. Ortalama hər ay 10-15 min kredit portfeli artır, eyni zamanda problemli kreditlərdən yığımı təkmilləşdirə, sistemə sala bilmişik. Keçən il problemli kreditlərdən 70 milyona yaxın pul topladıq və həmin vəsait kreditin verilməsini düzgün qurmağa, bəlli bir xərcləri bağlamağa imkan verdi.

- Tez bir zamanda bu qədər borcun yığılması necə oldu?

- Onun böyük bir mexanizmi var, ilk növbədə kreditləri qruplara böldük. Məsələn, korporativ kreditlər, kiçik kreditlər. Müştərilərlə mütəmadi işləyərək hər mövzunu təhlil etdik. Bəzən müştərilər müəyyən bəhanələrdən istifadə edərək ödəmək istəmirdilər. Bir də müştəriyə anlayış göstərmək, fərdi yanaşmaq lazımdır. Əslində, elə birinci aydan bu sıçrayış oldu, artıq biz 4 milyon problemli krediti topladıq.

- Ən çox hansı ayda yığa bildiniz?

- Səhv etmirəmsə, ötən ilin dekabrında 11 milyon topladıq. Hər ay rəqəmlər dəyişir, 67 milyona çatan aylar da var. İndi də portfel üzrə işlər sürətlə davam edir.

- İndiki tarixə bankda problemli kreditlərin həcmi nə qədərdir?

- Hazırda 100 milyonluq riskdə olan portfel var və bu o demək deyil ki, bunlar ümidsiz nəticələrdir, hansı ki onlara toxunmaq olmaz.

- O zaman demək olar ki, 170dən 100 milyona qədər düşüb?

- Bəli.

- Problemli kreditlər daha çox bizneslə bağlıdır, yoxsa istehlakla?

- Daha çox bizneslə əlaqəlidir. Amma istehlak üzrə borclar da az deyil. Biz problemli kreditləri daxildə 2 hissəyə bölmüşük.  Bu bir layihədir və yaxında bitəcək.

- Bundan sonrakı dövrdə, bank bazarında potensial müştəri hədəfiniz daha çox hansı seqmentdir?

- Bizim təsdiqlənmiş üç illik strategiyamız var və biz özümüzü daha çox orta və kiçik sahibkarlığa xidmət göstərən bank kimi görürük. Böyük korporativ müştərilərlə məşğul olmaq istəmirik. Həcmi 1 milyon manatdan artıq olan kreditləri biz xüsusi kredit komitəsi ilə razılaşdırıb veririk. Prinsip etibarı ilə korporativ kreditlər bazarında rəqabət çox yüksəkdir. Bizim güclü tərəfimiz, mikro, standart kreditlər, orta və kiçik sahibkarlığın inkişafıdır.

- Potensial kredit müştəriləri hansı biznes sahələrindədir?

- Daha çox ticarət, istehsalat və servis. Həmçinin aqrar potensial ölkəmizdə çox yüksəkdir və tam əhatə olunmayıb, bu sahədə də işimizi daha yaxşı qurmağa çalışırıq.

- Verginin ağartma prosesi sizin işinizə təsir göstərirmi?

- Ölkədə nə qədər çox şəffaflıq olsa, o qədər yaxşıdır. Nə qədər hüquqi şəxsin rəsmi dövriyyəsi çox olacaqsa, o qədər də banka, onun müştəri siyasətinə, xidmətlərin münasib olmasına təsir edəcək. Birmənalı olaraq, banka faydalı olacaq. Kassa və postterminallar sahəsində kiçik sahibkarlıq da inkişaf edir, post-terminallar kart dövriyyəsidir, kart dövriyyəsi isə öz növbəsində banka gələn pul deməkdir.

- Postterminal bazarına sizin baxışınız necədi?

- Çox gözəl. Əslində bizim hədəfimiz rəqəmsal bankçılığın inkişafıdır ki, əməliyyatların effektivliyini qaldıraq və kredit portfelinin artımına nail olaq.

- Aktivlərin idarə olunması ilə bağlı vəziyyət necədir?

- Çalışırıq ki, çox effektiv istifadə edək. Depozit portfelimiz artır, kapitalımız da var, kredit portfelini artırmağa fokuslanmışıq. Söhbət bu ilin strategiyasından gedirsə, biz daha çox filial açıb, daha çox kredit verib, bankı ehtiyatlardan asılı olmayaraq, əməliyyat gəlirliyinə çıxarmaq. Əgər biz bu missiyaya nail olsaq, artıq deyə bilərik ki, bank keçmişdə olan problemlerin hamısını geridə buraxdı, indi tam olaraq müstəqildir. Düşünürəm ki, kifayət qədər aktiv şəkildə beynəlxalq bazarda ola bilərik, beynəlxalq bazar üçün bond buraxa bilərik və s. ancaq onun üçün bank bir neçə il stabil inkişaf göstərməlidir. Pandemiya və ya böyük müharibələr olmasa, bazarda daha yaxşı yer tutacağıq.

- Bəzi banklarda depozit faizi hətta 0,1%dir. Amma digər banklarda kifayət qədər yüksəkdir: 9,10,11. “YeloBank” da sərfəli depozit faizləri təklif edir. Bu o deməkdirmi ki sizin daha çox vəsaitə ehtiyacınız var?

- Bizim bir neçə vəsait kanallarımız var. Əsas mənbə isə daha çox səhmdarın qoyduğu pullardır.

- Ölkədə hansı sahələri investisiya üçün potensial hesab edirsiniz?

- Mən böyük potensialı daha çox qiymətli kağızlar bazarında görürəm. Əhali üçün halhazırda 2 investisiya imkanı var: biri bank depozitləri, digəri də əmlak.

- Banklar üçün Azərbaycan bazarında ən riskli məsələ nədir? Biznesin dayanıqlı olmaması və ya devalvasiya risk hesab oluna bilərmi?

- Mən düşünmürəm ki, yaxın aylarda devalvasiya riski mümkündür. Dünyada çox sürətli bahalaşma gedir. Və prinsip etibarilə Azərbaycan manatı dollara, avroya nisbətdə öz dəyərini itirmir. Hesab edirəm ki, daxildə də vəziyyət kifayət qədər yaxşı idarə olunur. Neftin qiyməti də yaxşıdır. Buna görə də qlobal riskləri daha çox qeyd edərdim, nəinki daxili riskləri. Qarabağa yatırılan böyük investisiyalar, bazarda olan dirçəlmə iqtisadi inkişafa təkan verir. Biznes riski, əməliyyat riskindən, bazar riskindən daha yüksəkdir və nəzarətdə saxlanılmalıdır. Buna görə də mənim üçün böyük qürurdur ki, son 2 il yarımda verilən kreditlər üzrə problemimiz 1 %dən aşağıdır. Sırf məşğul olduğumuz problemlər, keçmişdən qalan bəlli bir problemlərdir.

- Problemli biznes kreditlərin arasında bağlanmış müəssisələr çoxdur?

- Buna dəqiq cavab vermək çətindir, amma bağlanmış bizneslər də var. Sadəcə təhlil edib, xüsusi yanaşma ilə həll etmək lazımdır. Söhbət bizim bankdan gedirsə, düşünürəm ki, vəziyyəti idarə edirik. Kapital baxımından Azərbaycanda heç bir banka bu qədər yatırım olunmayıb, amma səhmdar bizə divident ödəməlisiniz və s. kimi tələblər irəli sürməyib. Qarşımıza qoyulan tapşırıq ölkəmizə xidmət etmək, onun inkişafına töhfə verməkdir.

İlhamə XANLARQIZI 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)