BİZNES

"İllik 12% inflyasiyanı kənara qoymaq məntiqli deyil"

Azərbaycanda bəyan olunan inflyasiya göstəricisilə bağlı vacib bir məqamı bölüşmək istəyirəm. Bu, hər kəs üçün maraqlı məqamdır.

Rəsmi statistika 3 növ inflyasiya rəqəmi açıqlayır:

1. Aylıq inflyasiya. Məsələn, 2021-ci ilin mart ayında fevral ayına nisbətən inflyasiya

2. Orta illik inflyasiya. Son 12 ayın ortalamasını toplayıb ayların sayına bölərək tapırlar. Məsələn, fevral 2021-fevral 2022 üçün ortalama göstərici qeyd olunan tarixin içərisinə düşən aylar üzrə inflyasiyanın toplanaraq orta rəqəmin tapılmasıdır.

3. İllik inflyasiya. Yaşadığımız ilin hər ayı üzrə qiymət dəyişimi üçün baza kimi ötən ilin eyni ayının göstəricisi çıxış edir. Məsələn, 2022-nin yanvarı üçün baza dövrü kimi 2021-in yanvarı çıxış edir. İl üzrə yekun statistika isə dekabrdan-dekabra hesablanan rəqəm olur.

Azərbaycanda təcrübəsində 2-ci göstəricisi əsas inflyasiya rəqəmi kimi elan edilir. Amma, məsələn, Türkiyədə 3-cü variant əsas istinad edilən inflyasiya göstəricisi kimi çıxış edir.

Deyilə bilər ki, bunların nə fərqi var? Əvvəlki və cari ilin müxtəlif ayları üzrə inflyasiya rəqəmləri arasında kəskin fərq olmayanda, orta illik və illik inflyasiya göstəricisi arasında kəskin kənarlaşma olmur. Məsələn, 2020-ci ildə Azərbaycanda həmin göstəricilər 2,6% və 2,8% olmuşdu.

Amma 2021-ci ildə aylıq inflyasiya göstəricilərinin bir-birindən kəskin fərqlənməsi həmin göstəricilər arasında 2 dəfəyə yaxın fərq yaradıb: orta illik 6,7%, illik göstərici isə 12%-dir.

Digər tərəfdən, istehlakçı üçün dekabr ayında 2 göstərici maraqlıdır: əvvəlki ilin eyin ayına və yaşadığı ilin əvvəlki ayına nisbətən qiymətlər necə dəyişib.

İstehlakçı üçün reallıq odur ki, onun 2021-ci ilində aldığı məhsul və xidmətlərin dəyəri bir öncəki ilə nisbətən 12% bahadır. İstehlakçı 12% baha məhsul və xidmət istehlak etdiyi dövrdə, rəsmi statiskanın çıxıb ona deməsi ki, sənin aldığın mal və xidmətlər orta hesabla 6,5% bahalanıb və bunu həmin dövrə rəsmi inflyasiya göstərici kimi bəyan edib illik göstəricini kənara qoymaq məntiqli deyil.

Digər tərəfdən, orta göstəricilər əksər hallarda real (faktiki) mənəzəni əks etdirmir və orta gəlir (həmçinin əmək haqqı) kimi göstəricilərin də timsalında bunu görmək olur.

Məsələn, Türkiyədə inflyasiya göstərici kimi məhz illik göstəricidən istifadə edilir. Baxmayaraq ki, orta illik göstərici də hesablanaraq ictimaiyyətə açıqlanır. 2021-ci ildə Türkiyədə illik inflyasiya 36,08% elan edildi (2021-ci ilin dekabrında qiymət səviyyəsinin 2020-ci ilin dekabrına nisbətən dəyişməsi). Amma 12 aylıq ortalama 19,6 açıqlandı. Bütün rəsmi hesablamalar və istinadlar isə məhz illik göstəriciyədir - 12 ayın ortalamasına yox.

İndi Azərbacan hökuməti "orta inflyasiya" deyil, "illik inflyasiya" göstəricinə istinad etmiş olsa idi, 12% rəqəminə istinad ediləcəkdi - 6,7% yox. Qida inflyasiyası 15%-dən çox elan ediləcəkdi. Pensiya kapitalı 12%-lə indekskləşdiriləcəkdi, real gəlirlərin indi elan olunanla müqayisədə 2 dəfə çox azaldığı bəyan olunacaqdı, maaş və sosial ödənişlərdə, yaşayış minimumun dəyərində artım 6,7%-lik deyil, 12%-lik illik inflyasiya ilə müqayisə ediləcəkdi və s.

Azərbaycanda inflyasiya hesablamasında çox ciddi problemlər var. Bu problemlər artıq çoxdan müzakirə olunan "rəqəmin etibarlılığı" məsələsini aşır. Texniki, metodiki, şəffaflıq tərəfləri indi daha çox hiss edilir.

İqtisadçı Rövşən Ağayev 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)