“Azərxalça”nın yığılmış zərəri 24 milyon manatı keçib

“Azərxalça” ASC 2024-cü ili 2,118 milyon manat zərələ başa vurub.
Səhmdar cəmiyyətin maliyyə hesabatına əsasən, bu, 2023-cü illə müqayisədə 21,3 % çoxdur.
Bununla belə, şirkətin yığılmış zərəri 9,4 % artaraq 24,231 milyon manata çatıb.
Ötən il “Azərxalça”nın əsas əməliyyat (satışdan) gəlirləri 5,347 milyon manat (əvvəlki ilə nisbətən 23,2 % çox), sair əməliyyat gəlirləri 194 min manat (34,2 % az), faiz gəlirləri 537 min manat (8,7 % az), əməliyyat xərcləri isə 8,196 milyon manat (17,6 % çox) təşkil edib.n m
Bu il yanvarın 1-nə “Azərxalça”nın aktivləri 60,331 milyon manat olub ki, bu da illik müqayisədə 21,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 9,1 % artaraq 1,77 milyon manata çatıb, balans kapitalı isə 22,4 % azalaraq 58,561 milyon manata düşüb.
Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. 100% dövlətə məxsus olan səhmdar cəmiyyəti ölkədə xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.