Prezidentlər niyə bir-birilərinə qəribə hədiyyələr verirlər? - QALMAQALLI JESTLƏR
Prezidentlərin bir-birinə hədiyyələri adətən diplomatik görüşlərin mühüm hissəsidir. Adətən onlar milli simvollar, xalq geyimləri, rəsmlər, ev heyvanları və ya texniki yenilikləri əks etdirən suvenirlər verirlər. Amma bəzən ölkə liderləri hədiyyələrdə çərçivədən kənara çıxırlar, bir-birinə hansısa mesaj verirlər. Bu mesajlar isə böyük qalmaqallar da yarada bilir. ENA.az maraqlı prezident hədiyyələrinin siyahısını hazırlayıb.
Rus hamamı
Vladimir Putin Çin lideri Si Cinpinə “rus saunası” hədiyyə edib. Onlar isə söz veriblər ki, hamamı 200 illik Sibir sidrindən düzəldəcəklər. Yeri gəlmişkən, bu, Çin liderinin Rusiya tərəfdən aldığı ilk qeyri-adi hədiyyə deyil. 2016-cı ildən bəri bir neçə dəfə Putin Si Cinpinə bir qutu rus dondurması verib. Yeri gəlmişkən, bu "jest" çinli iş adamlarının Rusiya dondurmasını ölkələrinə idxal etmələrinə icazə verilmədiyini elan etdikdən sonra edilir.
Ağac aldı, stul verdi
Bəzən prezident hədiyyələri simvolik olur. Məsələn, Fransa prezidenti Emmanuel Makron ABŞ-ın keçmiş prezidenti Donald Trampa Fransanın şimalından gətirilən palıd tingi hədiyyə edib. Makronun fikrincə, hədiyyə franko-amerikan münasibətlərinin möhkəmlənməsini simvolizə etməlidir, çünki ting Fransanı azad edən İkinci Dünya Müharibəsi zamanı müttəfiq qüvvələrin düşdüyü yerdən götürülüb.
Tramp isə borclu qalmadı və Makrona Ağ Evin Mavi Otağından bir stul hədiyyə etdi. Stul ABŞ-ın beşinci prezidenti Ceyms Monronun fransız ustası Pyer-Antuan Belanj tərəfindən hazırlanmış mebel dəstinin bir hissəsi idi.
Birmənası olmayan yorğan örtüyü
Prezidentlərə verilən ən qəribə hədiyyələrdən biri İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin Vladimir Putinə ad günü hədiyyəsidir. Berluskoni Soçiyə uçdu və şəxsən ona tam ölçülü portretləri olan yorğan üzü verdi. Yorğanın üzündə Berluskoni və Putindən başqa Rusiya bayrağı, Kreml və Kolizey də əks olunub. Berluskoninin bu hədiyyə ilə nə demək istədiyi, tarix susur.
"Dava köynəyi"
Ölkə liderləri həmçinin əvvəlki yöndəmsiz vəziyyətləri aradan qaldırmaq üçün bir-birinə üzrxahlıq hədiyyələri təqdim edirlər. Məsələn, 2008-ci ildə İspaniya kralı Xuan Karlos Venesuela prezidenti Uqo Çavesə “Niyə susmursan?” yazılmış köynək hədiyyə etmişdi. Çünki məhz Uqo Çaves, İspaniyanın keçmiş baş naziri Xose Mariya Aznarı “faşist” adlandırmışdı. Kralın hədiyyəsi qalmaqal yaratmışdı.
Altı aydan sonra ölkələrin liderləri barışmaq qərarına gəldilər və görüş təyin etdilər. Yeri gəlmişkən, köynəkdə yazıdan əlavə, İspaniya kralı ilə Venesuela prezidenti arasında baş verən mübahisə də öz əksini tapmışdı.
Ən “şanslı” prezident
Ola bilsin ki, həmkarlarından aldığı qəribə hədiyyələrin siyahısı üzrə lider ABŞ-ın keçmiş prezidenti Corc Buşu adlandırmaq olar. Müxtəlif vaxtlarda o, Mərakeş kralı VI Məhəmməddən balıq ovu üçün yem dəsti (yeri gəlmişkən, bunun qiyməti cəmi 3 dollardır), Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerdən tualet əşyaları, Polşa prezidenti Aleksandr Kvasnevskidən üzünə kağız çəkilmiş terrorizmlə mübarizəyə dair kitab alıb. İndoneziyanın siyasi lideri Hacı Suhartodan canlı kərtənkələ, Argentinanın keçmiş prezidenti Nestor Krişnerdən 136 kq quzu və Hollandiyanın baş naziri Yan Peterindən roliklər alıb.
Hədiyyələrin əksəriyyəti yumoristik idi. Məsələn, Tony Blair-in tualet dəsti onun Buşla ilk rəsmi görüşü zamanı işlədilən ifadələrə işarə idi. Belə ki, jurnalist onlara “ortaq cəhətləriniz nədir”, deyə sual vermişdi. Buş cavabında: "İkimiz də Colgate diş pastasından istifadə edirik", söyləmişdi. 2006-cı ildə Böyük Britaniyanın baş naziri Toni Bleyerin ABŞ prezidenti Corc Buşa ad günündə yöndəmsiz, ucuz sviter hədiyyə etməsi biabırçılığa çevrilmişdi. Pis vəziyyəti düzəltməyə çalışan kiçik Buş, hədiyyəni Bleyrin özünün seçdiyini deyəndə, qarşı tərəf zarafat etməyə çalışaraq, sviteri özü toxuduğunu elan etdi. Jurnalistlər bunu "pis zarafat" adlandırdılar.
Barak Obamaya – "timsahlardan sığorta hədiyyəsi”
Ümumiyyətlə, dünya liderləri hədiyyələr hazırlayarkən orijinallığı nümayiş etdirməyə çalışırlar. Bir vaxtlar Avstraliyanın baş naziri Culiya Gillard Yaşıl Qitəyə səfəri zamanı keçmiş prezident Barak Obamaya "timsahlardan sığorta" hədiyyə etmişdi. Yəni, ac sürünənlər ABŞ prezidentini birdən yesəydi, onun ailəsi 50 min dollar sığorta alacaqdı. Barak Obamanın hansı şəraitdə timsahların hücumuna məruz qalacağını təsəvvür etmək demək olar ki, qeyri-mümkün olsa da, ABŞ prezidenti nəzakətli insan kimi avstraliyalı həmkarına belə qeyri-adi hədiyyəyə görə təşəkkür edib.
2015-ci ilin yanvarında bu dünyadan köçən Səudiyyə kralı Abdulla ibn Əbdül-Əziz Barak Obamaya “insancasına” qarşılıq verərək, elə söhbət əsnasında ona 1,3 milyon dollar "hədiyyə etmişdi".
Hədiyyəlik heyvanlar
Heyvanların verilməsi ənənəsi xüsusilə siyasətçilər arasında populyardır. Bəzən olduqca ekzotik nümunələr hədiyyə olunur.
Vladimir Putinə canlı timsah hədiyyə edən Moldovanın keçmiş prezidenti Vladimir Voronin hədiyyəsi ilə hamını təəccübləndirməyi bacarıb. Siyasətçi öz hərəkətini Rusiya prezidentinin sürünən kimi heç vaxt geri çəkilməməsi, yalnız irəli getməsi ilə izah edib.
Ancaq bir dövlət başçısının digərinə ən məşhur canlı hədiyyəsi kimi SRİ rəhbəri Nikita Xruşşovun 1964-cü ildə Norveçin baş naziri Eynar Gerhardsenə diri nərə balığı hədiyyə etməsi tarixdə qalıb. Nərə balığı 1998-ci ilə qədər balıqların yaşadığı Bergen Zooparkına köçürülərək təkcə uzunömürlüyü ilə yanaşı, həm də planetin ən məşhur nərə balığına çevrildi.
Çin liderləri də canlı hədiyyələri ən çox sevənlər kimi tanınırlar. 1970-ci illərdən etibarən Çin rəhbərliyi beynəlxalq tərəfdaşlara Çinin simvolu kimi yalnız pandalar təqdim etməyə üstünlük verir.
Qalmaqal yaradan hədiyyələr
Amma bəzən hədiyyələr ən yüksək səviyyədə gərgin vəziyyətlər yaradır. Dünya mətbuatının yazdığına görə, nəzakətsizliyin zirvəsi İsrailin baş naziri Binyamin Netanyahunun Vatikana dövlət səfəri zamanı Roma Papası Fransiskə yəhudiliyin simvollarından birini - menorah şamdanını və İspaniyada çox sayda yəhudini öldürən Katolik İnkvizisiyanın tarixinə həsr olunmuş kitabı təqdim etməsi olub.
ABŞ dövlət katibi Hillari Klintonun Rusiya xarici işlər naziri Sergey Lavrova münasibətləri bərpa etmək üçün simvolik düymə təqdim etməsi də xoşagəlməz insidentə səbəb olub. Latın hərfləri ilə reset və peregruzka ilə yazılmışdı.
Amerikalılar yanılıbmı, yoxsa qəsdən təxribat olub, amma sonrakı tarix göstərdiyi kimi, Rusiya ilə ABŞ arasında münasibətlərdə sıfırlanma əvəzinə, həddən artıq yüklənmə baş verdi.
P.S. Düzdür, bəy verən atın dişinə baxmazlar, amma bəy də at verəndə baxmalıdır ki, dişləri var, ya yox...