MALİYYƏ

Palata Neft Fonduna risk və gəlirliliyə yenidən baxmağı tövsiyə edib

 Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xərclərinin növbəti illə yanaşı sonrakı 2 il üçün də proqnozlaşdırılması istiqamətində təkliflərin verilməsi vacibdir.

"BI" xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2019-cu il üzrə büdcə layihəsinə rəyində bildirilir. 

“Uzunmüddətli investisiya strategiyasının səmərəli tətbiqinə, investisiya portfelinin bu strategiya fonunda daha da optimallaşdırılmasına və gəlirliyin yüksəldilməsinə istiqamətlənən hədəflərə nail olunması üçün Fondun xərclərinin növbəti il ilə yanaşı sonrakı 2 il üçün də proqnozlaşdırılması istiqamətində təkliflərin verilməsinin vacibliyini tövsiyyə edir”, - deyə rəydə qeyd olunub. 

Bundan başqa, bildirilib ki. 2003-cü ildən hazırkı dövrədək transfertin həcminin ən yüksək olduğu dövrün 2019-cu il üzrə 11 364,3 mln manat nəzərdə tutulması Milli İqtisadiyyatın Strateji Yol Xəritəsində təsbit edilən dövlət büdcəsinin ARDNF-in transfertlərindən asılılığının azaldılması məqsədləri ilə uyğunluq təşkil etmir.

Həmçinin, Palata rəyində son illərdə yığıma yönələn məbləğin artımla müşahidə olunmasına və gözlənilən nominal gəlirlilik göstəricilərinin proqnozlaşdırılmasına əsasən növbəti il üçün nəzərdə tutulmuş investisiya portfelində yüksək risk-gəlir profilli səhmlər və alternativ maliyyə alətlərinə potensial olaraq əlavə sərmayələr edilməsi fonunda müvafiq risklərə və gəlirliliyə yenidən baxılmasını tövsiyə edib.

Həmçinin Palata öz rəyində ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənilməsindən əldə ediləcək neft gəlirlərinin proqnozlaşdırılması zamanı (neftin büdcədə nəzərdə tutulmuş orta illik ixrac qiymətinə uyğun hasilat üzrə) cari ilin müvafiq dövrünün icrası nəzərə alınmaqla təqdim olunmuş layihələrin ətraflı təhlil edilməsinin və nəzarət mexanizmi sisteminin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)