Sosial

Azərbaycanda güclü külək zamanı açıq havada işlər dayandırılacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

Qanun layihəsinə əsasən küləkli hava şəraitində açıq iş yerlərində əməyin mühafizəsi, işlərin dayandırılması və kranların istismarı qaydalarını əhatə edir.

Layihəyə əsasən, Əmək Məcəlləsinin 233-cü maddəsinə dəyişiklik edilərək işin dayandırılması və fasilələrin verilməsi ilə bağlı müddəaların əhatə dairəsinin küləkli hava şəraitinə də şamil olunması təklif edilir. Bu qaydalar açıq iş yerlərində, o cümlədən həmin ərazilərdəki qurğularda görülən işlərə də aid olacaq.

Məcəlləyə əlavə edilən müvafiq qaydaların adında da dəyişiklik nəzərdə tutulur. Beləliklə, işin dayandırılması və işçilərə fasilələrin verilməsi ilə bağlı şərtlər yalnız soyuq və isti hava ilə deyil, küləkli hava şəraiti ilə də əlaqələndiriləcək.

Layihədə quruda istismar olunan kranlarla bağlı ayrıca müddəa da yer alır. Təklifə görə, küləyin gücü 6–8 bal olduqda həmin kranlarla işlərin görülməsinə yalnız kranların texniki pasportlarında nəzərdə tutulan hallarda icazə veriləcək.

Küləyin gücü 8 baldan artıq olduqda isə bu kranlarla görülən bütün növ işlərin dayandırılması nəzərdə tutulur.

Dəyişikliklərin məqsədi küləkli hava şəraitində açıq iş yerlərində çalışan işçilərin təhlükəsizliyinə dair tələbləri və kranların istismarı ilə bağlı məhdudiyyətləri qanunvericilikdə dəqiqləşdirməkdir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)