Sosial iqtisadiyyat

Bir adam niyə hər ay iki dəfə TİBBİ SIĞORTA ÖDƏMƏLİDİR?

Ölkəmizdə bəzi qərarlar və qanunlar var ki, onlarda boşluqlar var və bu, tətbiqdə ciddi problemlər yaradır. Məsələn, rəsmi iş yeri ilə yanaşı, əgər insan eyni zamanda VÖEN əsasında işləyirsə, yenə, yəni ikinci dəfə də tibbi sığorta ödəyir. Niyə?! Axı, verilən xidmətin həcmində və ya keyfiyyətində fərqli heç nə yoxdur. Niyə bir adam iki dəfə bu fonda pul ödəməlidir?

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin eksperti Emin Kazımovun sözlərinə görə,  “Tibbi sığorta haqqında” Qanuna əsasən, 1 yanvar 2021-ci il tarixindən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari tibbi sığorta ödəyirlər. Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhərində icbari tibbi sığortanın tətbiqinə 2021-ci ilin aprel ayından başlanılıb.

İcbari sığorta haqqının məbləği isə ayrı-ayrı vergi ödəyiciləri üzrə fərqli dərəcələrlə müəyyən olunub.

Lakin iki fərqli müqavilə əsasında çalışan vətəndaşın hər bir müqavilə üzrə ayrı-ayrılıqda icbari tibbi sığorta haqqı ödəməsi doğru deyil. Çünki xidmətlər zərfindəki xidmətlərin sayı ödənilən tibbi sığorta haqlarının məbləğindən asılı deyil.

Müqayisə üçün demək olar ki, məsələn, sosial sığorta haqları fərdi hesablarda toplanaraq gələcəkdə vətəndaşın pensiya təminatını təşkil edir və burda toplanan vəsaitdən asılı olaraq vətəndaşın pensiya məbləğinin az və ya çox olması dəyişir. Tibbi sığorta haqlarının tətbiqi isə fərqlidir.

Məsələn, əmək müqaviləsi əsasında çalışan bir vətəndaş hesablanan əmək haqqına uyğun olaraq tibbi sığorta haqqı ödəyir və təbii olaraq artıq tibbi sığortanın əhatə etdiyi xidmətlər zərfindən faydalanmaq hüququnu əldə etmiş olur. Eyni zamanda, həmin şəxs vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxs olaraq xidmət göstərir. Belə olan halda o, bu dəfə fərdi sahibkar olaraq da əlavə aylıq 10 manat məbləğində tibbi sığorta haqqı ödəməlidir.  Və bu onun üçün heç bir əlavə divident gətirmir.

Yekun olaraq ekspert qeyd edir ki, qanunvericilikdə müvafiq dəyişiklik edilərək bu məsələ iki fərqli formada tənzimlənə bilər:

  • Bir neçə müqavilə əsasında çalışan vətəndaşların tibbi sığorta haqqı yalnız bir və ən yüksək olan müqavilə əsasında hesablanıb ödənilməsi təmin edilə bilər.
  • Ödənilən tibbi sığorta haqlarının məbləğinə uyğun xidmətlər zərfində olan xidmət sayları tənzimlənə bilər (xidmətlər zərfində qeyd edilən xidmətlərin zəruri hissəsi tibbi sığorta haqlarının məbləğindən asılı olmamaq şərti ilə...     

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)