MALİYYƏ

Azərbaycan və Dünya Bankı 65 mln dollarlıq yeni kredit müqaviləsi imzalayıb

Azərbaycan Hökuməti və Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi” üzrə kredit müqaviləsi imzalanıb.

ENA.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 65 milyon ABŞ dolları məbləğində kredit sazişini nazir Samir Şərifov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl imzalayıb.

Vəsait Ələt-Astara-İranla dövlət sərhədi magistral avtomobil yoluna alternativ olan mövcud Yenikənd-Biləsuvar hissəsinin ikinci texniki dərəcəyə uyğun olaraq yenidən tikilməsi, yolun səmərəliliyi, təhlükəsizliyi, yeni yol xidmətlərinin keyfiyyətinin artırılması, yol ətrafında logistika və bazar infrastrukturunu idarə etmək üçün modelin yaradılması və digər texniki yardımların təmin edilməsi işlərinə yönəldiləcək. Layihənin həyata keçirilməsi ilə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısı təmin ediləcək və bazara çıxışı yaxşılaşdırılacaq. Bu marşrut boyunca yaşayan insanlar təkmilləşdirilmiş yol infrastrukturundan, iqtisadi imkanlardan və əsas xidmət obyektlərindən asanlıqla istifadə etmək imkanı əldə edəcəklər.

İmzalanma mərasimində Dünya Bankı Qrupunun Azərbaycanda həyata keçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstək yüksək qiymətləndirilib. S.Şərifov Azərbaycan ilə Dünya Bankının uzunmüddətli və strateji tərəfdaşlığından məmnunluğunu ifadə edərək hökumətin həyata keçirdiyi bir sıra mühüm layihələrə bankın göstərdiyi maliyyə dəstəyini qeyd edib. Nazir bildirib ki, Dünya Bankı ilə müştərək maliyyələşdiriləcək layihənin məqsədi Salyan-Biləsuvar yolu boyu təhlükəsiz, səmərəli, iqlim dəyişkənliyinə qarşı dayanıqlı hərəkəti təmin etməkdir.

Etibarlı tərəfdaşlar kimi Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyini vurğulayan S.Maykl həyata keçiriləcək yeni layihənin də Azərbaycanın milli inkişaf prioritetlərinə çatmasına kömək edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı layihələrə ümumilikdə 4 milyard dollar vəsait ayırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department