Yeni yaradılan agentlik 10-dan çox istiqamətdə fəaliyyət göstərəcək
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Dövlət Dəniz Agentliyinin bazasında yaradılmış Dövlət Dəniz və Liman Agentliyinin 13 fəaliyyət istiqaməti müəyyən edilib.
ENA.az bu barədə qurumun nizamnaməsinə istinadən xəbər verir.
Məlumata görə, yeni agentlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərəcək:
- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
- müvafiq sahənin inkişafını təmin etmək;
- müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- müvafiq sahədə normativ hüquqi aktlara və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə zəruri tədbirlər görmək;
- Ölkənin ərazi sularında, həmçinin liman akvatoriyasında dəniz üzgüçülüyünün təhlükəsizlik sistemini təşkil etmək və onun fəaliyyətini təmin etmək üçün zəruri tədbirlər görmək;
- Ölkə ərazisində liman nəzarətinin və Dövlət Bayrağı altında üzən gəmilərə münasibətdə bayraq nəzarətinin həyata keçirilməsi məqsədilə tədbirlər görmək;
- Ölkənin dəniz limanlarında dövlət nəzarətini həyata keçirmək və limanda nizam-intizamın təmin edilməsi məqsədilə tədbirlər görmək;
- Ölkənin dəniz limanlarının rəqabətqabiliyyətli fəaliyyətinin stimullaşdırılması və onların fəaliyyətinin optimallaşdırılması istiqamətində tədbirlər görmək;
- dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı tədbirlər görmək;
- Ölkənin ərazisində dəniz naviqasiya avadanlıqlarının və qurğularının quraşdırılması, habelə onlara texniki xidmət göstərilməsi üçün tədbirlər görmək;
- “Dəniz limanları haqqında” qanuna uyğun olaraq dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərmək;
- müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək;
- bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Agentliyin nizamnamə fondu 6 228 052 manatdır.