“Bakı Metropoliteni”ndə Müşahidə Şurası yaradıldı
Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yaradılması haqqında 27 fevral 2014-cü il tarixli sərəncamında dəyişiklik edib.
ENA xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni sərəncamda deyilir:
Konstitusiyaın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” ölkə prezidentinin 2020-ci il 5 noyabr tarixli fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Bakı Metropoliteni”nin yaradılması haqqında” sərəncamın 3-cü və 4-cü hissələri aşağıdakı redaksiyada verilsin:
“3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Prezidentə:
3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
3.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.2. Prezidentilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:
3.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
3.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
3.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;
3.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
3.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.
4. Müəyyən edilsin ki:
4.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır;
4.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:
4.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
4.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;
4.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;
4.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5%-ə qədər hissəsini təşkil edən əqdləri təsdiq etmək;
4.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
4.2.6. Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
4.2.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;
4.2.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.2.9. bu Sərəncamın 3-cü hissəsi nəzərə alınmaqla, Mülki Məcəllə, Cəmiyyətin Nizamnaməsi və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarla Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.”.
2. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan İnvestisiya Holdinqi:
3.1. “Bakı Metropoliteni”nin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;
3.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Bakı Metropoliteni”nin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını dörd ay müddətində təmin edib nəticəsi barədə Prezidentə məlumat versin;
3.3. bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, “Bakı Metropoliteni”nin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Prezidentə təqdim etsin;
3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.