Bank

Muğanbankın məcmu kapitalını öyrənməyin dolanbac yolları: rəqəmi necə tapdıq?

Azərbaycanın baş bankiri 4 bank bağlanandan sonra pulları batan sahibkarların qismində hamıya məsləhət gördü ki, hesab açanda bankı araşdırsınlar. Ərazicə yaxın olan Muğanbank-ın vəziyyətini araşdırmaq üçün hesabatlarına müraciət etdik.

Bankların prudensial normativlərindən biri olan məcmu kapitalın həcmini öyrənmək üçün Kapital faylını açdıq. Hesabatdan aydın olur ki, bankın kapitalında 3 milyondan çox azalma var. Və son nəticə necədir? Bu göstərici yoxdur.

Banka müraciət edərək, məcmu kapitalı öyrənməyə çalışdıq. 20 dəqiqəlik uzun-uzadı müxtəlif şöbələrə birləşdirmədən sonra əməkdaşlardan biri belə məlumat verdi ki, bankların məcmu kapital göstəriciləri simvolik rəqəmlərdir. Əsas bankın mənfəətlə və ya zərərlə çıxmasıdır ki, Muğanbank mənfəətlə çıxıb. Yəni bu bankda rahat hesab aça bilərsiniz. Bu yerdə gəlir açıqlayan Atabank yada düşdü. Lakin israrımızı görcək bildirdi ki, guya bankın məcmu kapitalı 150 milyon manatdan çoxdur.

Xanımın verdiyi bu məlumatlar isə hesabatları ilə tam əksidir. Belə ki, əgər mənfəət-zərərə baxsaq, Muğanbank 8 milyon 254.45 min manat zərər açıqlayıb.

Məcmu kapitalın həcminə gəldikdə isə bu rəqəmin doğruluğunu yoxlamaq üçün yeganə yol bankın 2019-cu ilə dair illik hesabatı idi. Hesabata əsasən, 2019-cu ilin sonunda bankın məcmu kapitalı 81 milyon 514 min manatdır. 2020-ci il əraində 3 milyon 422 min manat azalma baş veribsə, demək ki, məcmu kapital 78 milyon 92 min manat təşkil edir.   

Bir sözlə, Muğanbankın hesabatlılığında digər banklarla müqayisədə böyük qüsurlar var. Sahibkar olaraq biz bunun şahidi olduq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)