Azərbaycanda fermer torpaqları aqrokimyəvi analizdən keçirilir
Kənd Təsərrüfatı Nazirliyinin regional aqrokimya laboratoriyalarında torpaqların aqrokimyəvi analizləri davam edir.
ENA.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumata görə, bu sahədə işin mərhələli təşkilinə uyğun olaraq bu il 10 hektar və daha çox sahəsi olan fermerlərin torpaqları aqrokimyəvi analizlərə cəlb olunur. Torpaq analizlərinin nəticələri payızlıq əkinlərin bəyanı ilə əlaqədar keçirilən monitorinqlərin nəticələri ilə birlikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil ediləcək. Bundan sonra isə əkin subsidiyaları ödəniləcək.
Respublikanın 11 bölgəsində ən müasir avadanlıqlarla təchiz edilmiş regional aqrokimya laboratoriyalarında torpaqların aqrokimyəvi analizi fermerlərə torpağın qida elementlərinə olan ehtiyacını, bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirməyə imkan verir, habelə ölkənin aqrokimyəvi torpaq xəritələrinin hazırlanmasına xidmət edir.
Torpaq nümunələrinin baza analiz paketinə torpağın pH-ı, duzluluq (EC), mütəhərrik fosfor (P2O5), mənimsənilən kalium (K2O) və ümumi azot daxildir. Paketin bir nümunə üçün qiyməti 28 manat təşkil edir. Analiz üçün əkin sahələrindən hər 5 hektardan bir nümunə götürülməsi məqsədəmüvafiqdir.
Fermerlər “Aqrokimyəvi analizlərin aparılması üçün nümunələrin götürülmə təlimatı”na uyğun olaraq özləri sahələrindən torpaq nümunəsi götürərək laboratoriyaya təqdim edə bilər. Torpaq nümunələri götürülmüş yerlərin coğrafi koordinatları mütləq qeyd edilməlidir. Fermerlər müvafiq təlimatla Aqrar Xidmətlər Agentliyinin rəsmi internet səhifəsində (www.axa.gov.az) və sosial media hesablarında tanış ola bilər.
10 hektardan çox sahəsi olan fermerlər öz torpaq nümunələrini təqdim edəcəkləri laborarotiyalar haqqında Dövlət Aqrar İnkişaf Mərkəzlərindən də məlumat ala bilər.