Bank

Əhalidəki "yastıqaltı" pullar artıb: banklardan kənarda pulun çoxalması nəyə səbəb olur?

Azərbaycanda banklardan kənarda, əhalinin əlində, evlərində olan nağd pul kütləsi artıb. ENA.az xəbər verir ki, ilin əvvəli ilə müqayisədə 1 avqust 2020-ci il tarixinə banklardan kənarda olan pulun həcmi 4,6% və ya 456 milyon manat artaraq 9 milyard 722,9 milyon manata çatıb. Müqayisə aparsaq, banklarda manatla olan müddətli depozitlərin həcmi isə əksinə azalma tendensiyası nümayiş etdirir. Yəni, əhali müddətlə banka qoyduğu pulu geri çəkərək, "yastıqaltında" saxlamağa, əlində olmasına daha çox etibar edir.  

Rəqəmlərlə bu tendensiyanı göstərsək, banklarda manatla olan depozitlərin həcmi bu ilin yanvar ayının sonunda 2 milyard 850,3 milyon manat təşkil etdiyi halda, 6 aydan sonra 2 milyard 352.3 milyon manata düşüb. Yəni fevral-iyul aylarının yekununda manatla müddətli depozitlərin həcmi 498 milyon manat azalıb.  

Diqqət yetirsək, banklardan kənarda artan pul kütləsi ilə manatla olan müddətli depozitlərin azalmasını göstərən rəqəmlər çox yaxındır. Təbii ki, banklardan kənarda qalan pulun artımında son aylarda 4 bankın bağlanması müstəsna yer tutur. Ancaq bu həm də onsuz da kövrək olan banklara etimadın daha da zəiflədiyinin nümunəsidir.

Bəs banklardan kənarda qalan pul kütləsinin artmasının hansı iqtisadi nəticələri ola bilər? İlk növbədə qeyd edək ki, pul bankdan kənarda əhalinin əlindədirsə, bu o deməkdir ki, passiv, ölü və ya “yastıqaltı”, necə adlandırmaq istəsəniz adlandırın, əsas odur ki, iqtisadi səmərəliliyi olmayan bir vəsaitdir.   

Bankdan kənar pul kütləsini həcminin artması ilk növbədə pulun multiplikatoruna təsir edir. Bu halda pulun tədavül surəti azalır, nəticə isə iqtisadi artıma mənfi təsir göstərir.  

Məlumdur ki, iqtisadi elastiklik, yəni dəyişkənlik yüksək olduğu hallarda biznes tərəfindən səmərəli gözləmə mövqeyi ön plana çəkilir, investisiyalar və iqtisadi yatırımlar azalır.

Əhaliyə gəldikdə, təkrar vurğulamaq yerinə düşər ki, insanlar iqtisadi qeyri-müəyyənliyə qarşı cox həssas və ehtiyatlı yanaşırlar. Ona görə də bankların ləğvetmə prosesində qeydə alınan nöqsanlar aradan qaldırılmalıdır ki, sağlamlaşdırma tədbirləri görülərkən belə banklara və bank sektoruna inam sarsılmasın.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department