Sosial iqtisadiyyat

Azərbaycanda suyun həcmini müəyyənləşdirmək üçün ölçmə cihazları quraşdırılır

"Bu gün su təsərrüfatı sahəsində uçot və nəzarət işinin təkmilləşdirilməsi həlli vacib məsələ kimi qarşımızda durur. Suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mərhələlər üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Bu məqsədlə operativ tədbirlərlə yanaşı, ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı tərtib edilib". 

ENA.az xəbər verir ki, bunu Baş Nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

"Su təsərrüfatı balansının formalaşdırılması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı elektron su təsərrüfatı informasiya sistemi yaradılıb. Birinci mərhələdə su təsərrüfatı balansı sistemə ayrıca modul şəklində daxil edilib. İkinci mərhələdə aidiyyəti dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası, üçüncü mərhələdə isə su obyektlərinə daxil olan, çıxan və obyektlərdə olan suyun həcmi ilə bağlı ölçmə cihazlarının və digər avadanlıqların məlumatlarının real vaxt rejimində ötürülməsi və dövri hesabatların əldə edilməsi təmin olunacaq. Eyni zamanda, əsas su və su təsərrüfatı obyektlərində müasir ölçmə cihazlarının quraşdırılması həyata keçirilir. Bu vaxta qədər xüsusi əhəmiyyətli obyektlərin su ehtiyatlarından müasir ölçmə cihazları tətbiq edilmədən və ya ümumiyyətlə ölçmə aparılmadan istifadə edilib. Hazırda prioritet hesab edilən məntəqələr üzrə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin 12, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 25 müasir ölçmə cihazı quraşdıraraq yaxın günlərdə tam funksional vəziyyətə gətirilməsi üzərində intensiv iş gedir. Artıq Mingəçevir su anbarında və çıxışlarında quraşdırılan müasir ölçmə cihazları tam işlək vəziyyətdədir. Cənab Prezident, məruzə edim ki, artıq üç gündür biz real müasir ölçmə cihazları vasitəsilə əsas su anbarımızın həm çıxışlarını, həm su həcmini nəzarətə götürmüşük", - Baş Nazirin müavini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department