Sahibkar: “Birazdan mən işçilərimin üzünə baxmağa utanacam”
“Novruz bayramı” gəlirlərindən məhrum olan Azərbaycan turizmçilərinin ümidləri yayda daxili turizmə və Türkiyə ilə sərhədlərin açılmasına idi. Operativ qərargahın dünənki açıqlamasından sonra restoran, xidmət sahələri və ümumiyyətlə hərəkətin dayandırılması xəbəri turizmçilərin “təhlükəsizlik kəmərimiz artıq qırılır”, deyə hökumətə çağırış etməsinə səbəb olub.
Bir sahibkar nə qədər humanist olsa da
Turizm sektorunda çalışan Murad Kərəmovun sözlərinə görə, müvafiq dövlət qurumları sahibkara tövsiyə edir ki, işçiləri işdən çıxarmasınlar, eyni zamanda karantinin vaxtı uzadılır:
“Birazdan mən işçilərimin üzünə baxmağa utanacam. İşçilərim də ailə saxlayır. Onların gözü mənim əlimdə, mənim də ümidim dövlətimədir. Heç olmasa faizsiz kredit verin, başqa sektora yatırım edib komandamızı işlə təmin edək. Bir sahibkar nə qədər humanist olsa da, onun da şəxsi büdcəsinin bitdiyi an var. Biz - turizm şirkətləri axı kiçik və orta sahibkarıq. Milyoner deyilik. Yenə bilsək ki, bu hal 2 ay çəkəcək, dişimizi sıxıb şəxsi büdcəmizlə dözərik. Amma bu qeyri-müəyyənlikdə ağıllı başımızı da itirmişik”.
İndi deyin görək biz turizm şirkətləri nə edək, deyə dövlətə müraciət edən turizmçi bu sahədə çalışan müvafiq qurumları döstək verməyə çağırıb.
Təkliflər hazırlamışıq
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə ENA.az-a açıqlamasında bildirib ki, turizm sənayesi ilə sıx təmasdadırlar. Sənayenin üzvlərindən, ixtisaslaşmış asossasiyalardan təkliflər alınıb, eyni zamanda agentlik özü də müəyyən təhlillər aparıb və davamlı yardımların edilməsilə bağlı dəstək mexanizmləri formalaşdırılıb. Hazırda bu mexanizmlər müvafiq dövlət qurumları ilə müzakirə edilir.
“Microsoft şirkətinin, Dünya Bankının rəhbər nümayəndələri ilə keçirilən son video-konfranslarda cənab president özü də vurğuladı ki, turuzm pandemiyadan ən çox zərər çəkən sahədir və bu sahənin bərpasına yardım ediləcək. Cənab Prezident qeyd edib ki, bizim iqtisadiyyatımızın bəzi sahələri ciddi şəkildə zərər çəkdi. Xüsusilə də yaxşı nəticələrimiz olan və son 4 ildə artımın olduğu turizm sahəsi. Sitat: “Həqiqətən Azərbaycan turizm xəritəsində maraqlı istiqamətə çevrilib. Beləliklə, pandemiyadan sonra biz bu sektoru canlandırmaq və Azərbaycanı yenidən xarici turistlər üçün cəlbedici etmək istiqamətində çox çalışmalıyıq. Çünki turizm sərbəst konvertasiya olunan valyuta yaradan sektorlardan biridir. Qeyri-neft və qeyri-qaz ixracından gələcək daha çox sərbəst konvertasiya olunan valyuta ehtiyatlarına ehtiyacımız var. Ona görə də kənd təsərrüfatı, turizm, texnologiya düşünürəm ki, bizim diqqətimizi cəmlədiyimiz əsas sahələr olacaq”.
Yəni, turizm sahəsinə hər zaman ölkə rəhbərliyi tərəfindən diqqət və qayğı göstərilir , - deyə K.Quluzadə bildirib.
Turizmə dəyən ziyan uzunmüddətli olacaq
Qeyd edək ki, karantin dövrü ilə əlaqədar turizm sektorunda çalışanların maaşlarının ödənilməsinə 7 milyon 200 min manat ayrılıb. Bu sektorda çalışan mikrobiznes isə ötənil ödədikləri vergilərə müvafiq olaraq 500 min manat dəstək alıb. Ay yarım ərzində ümumilikdə turizm sektoruna 7 milyon 700 min manatdan çox dövlət yardımı verilib.
K.Quluzadə əlavə edib: “Əlbəttə biz də düşünürük ki, turizmə dəyən ziyan qısamüddətli yox, uzunmüddətli olacaq. Çünki sənayenin bərpası, sərhədlərin açılması məsələsi var. Ümid edirəm ki, tez bir zamanda bu məsələ müsbət həll olunacaq”.
Xaricə səyahət planı qurmağı tələsməyin
Bu arada onu da bildirək ki, Rusiya hökuməti artıq sərhədlərin açılmasının payızda mümkün ola biləcəyini bəyan edərək, turizmçiləri və və turistləri daha çox daxili turizmə fokuslanmağa çağırıb və ölkə əhalisini də səyahət planlarını qurarkən bu nüansa diqqət yetirməyə çağırıb. Artıq loukaster şirkətlər daxili uçuşların qiymətini 3 dəfə endirdikləri barədə açıqlama veriblər.