Geyim sektorunun vəziyyəti daha ağırdı: MALLAR KAMPANİYALARLA SATILACAQ
Dünəndən molların fəaliyyəti bərpa olundu və bu addım daha çox geyim sektorunun çəkdiyi zərərin getdikcə böyüməsinin qarşısını almaq məqsədi daşıyır.
ENA.az xəbər verir ki, bu sektor pərakəndə satış sahəsinin ən geniş yayılmış bir istiqamətidir və qanuni şəkildə fəaliyyət göstərən şirkətlər daha çox iri ticarət mərkəzlərində - mollarda toplanıb.
Azərbaycanda geyim sektorunun 90%-i isə idxal yönümlüdür. Bu sahədə çalışan şirkətlər ya əvvəlcədən ödəniş etməklə, ya da bank qarantiyası əsasında işləyir. Fevral ayının sonlarından başlayaraq yaz mövsümü açıq elan olunur və şirkətlər yeni mövsüm geyimlərini bazara daxil etməyə çalışırlar. Ona görə də bu il mövsümi malların bir hissəsi gəlsə də, böyük bir hissəsi françayzer şirkətlərin anbarlarındadır. Müqavilə öhdəliklərinə görə həmin mallar alınmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, geyim sektorunun ən leqal nümayəndələri mollarda yerləşən şirkətlərdir və mövcud molların vaxtında bağlanmaması, yəni mövsümün açılması ilə əlaqədar malların alınması, lakin satılmasına imkan olmadığı üçün şirkətlərə dəyən ziyan külli miqdardadır.
Ona görə də, molların açılması ilə gözlənilir ki, şirkətlər əllərində olan malları kampaniyalar təşkil etməklə satacaq və xərclərini ödəməyə çalışacaqlar.
Bu sahədə çalışan sahibkar X.Seyidovun sözlərinə görə, geyim sektoru daha çox uzunmüddətli müqavilələrlə, bəziləri eksklüziv seriyalar üzrə tanınmış brendlərlə distribütor kimi işləyirlər. Şirkətlərin hər mövsüm üzrə müəyyən qədər mal almaq öhdəliyi var. Mayın 15-dək artıq payız-qış seriyasına sifarişlər etməli idilər və bu şərtdir.
“Geyimlər iki sezon olur: yaz-yay, payız-qış. Elə şirkətlər var ki, payız-qışlıq sən ən azı 200 minlik mal almalıdır, almayanda isə cərimələnirlər. 3 aya yaxın davam edən karantin rejimi nəticəsində şirkətlər yaz-yay sezonunu itirdiklərinə görə payız-qışı da almaqda problemlərlə qarşılaşırlar. Geyim sektorunda xüsusilə bahalı brendlərlə işləyən ticarətçilərin ziyanı çox böyükdür. Düzdür, fərdi sahibkar da ziyana düşəcək amma onun aylıq mal almaq kimi bir öhdəliyi yoxdur. Azərbaycanda lüks və orta seqment geyim sektoru kifayət qədər zərər çəkdi və qarşıdakı aylarda ticarətdə zəifləmə davam edəcək”, deyə sahibkar bildirib.
Qeyd edək ki, geyim sektorunu təmsil edən sahibkarlar vəziyyətdən çıxmaq üçün bəzi güzəştlər verilməsini hökumətdən xahiş ediblər. Bu güzəştlərə icarə haqqı, bank kreditləri, gömrük rüsumundan azad olma kimi məsələlər daxildir.