"Unibank" ümidsiz borclarının bir hissəsini "dirildib": HESABAT
Azərbaycanın pərakəndə bank bazarının lideri “Unibank” ASC-nin maliyyə göstəriciləri pərakəndə bankçılığın vəziyyətini daha yaxşı görməyə imkan yaradır.ENA.az xəbər verir ki, “Unibank” istehlak krediti səbəti üzrə yenə də lider banklardan biri olması ilə yanaşı, bu ilin yanvar-mart aylarında biznes kreditlərinin həcmini 8% artırıb.
Aktivlərin 68,9%-i kreditlərdədir
İlk növbədə onu qeyd edək ki, bank 2019-cu ildə mənfəətini artırdı və bu vəsaiti məcmu kapitalına əlavə etməklə kapital mövqeyini gücləndirdi. Bu müsbət tendensiya bankın aktivlərinin həcmində də özünü göstərir. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın aktivlərinin həcmində 31 milyon manat - 4% artım qeydə alınıb. Bununla da hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 756 milyon manat təşkil edib. Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 65 milyon manat və ya 14% artaraq 521 milyon manata çatıb. Bu o deməkdir ki, aktivlərin 68,9% kredit portfelinin payına düşür. Ümumi kreditlərin 272 milyon manatını istehlak, 190 milyon manatını isə biznes kreditləri təşkil edir.
Bu ilin 3 ayı ərzində “Unibank”ın depozit portfelində azalma müşahidə edilir və bu tendensiya bankın ümumi öhdəliklərində də özünü göstərir. Belə ki, pulların geri çəkilməsi həm fiziki, həm də hüquqi şəxslərin hesablarında qeydə alınıb. Fiziki şəxslər 34 milyon manatını bankdan geri götürüblər. Ümumilikdə depozit portfelinin həcmi 486 milyon 767 min manat təşkil edib ki, bu da 2019-cu ilin sonu ilə müqayisə də depozit portfelinin 44 milyon manat azaldığını göstərir. Əslində bu vəziyytin bank üçün nə qədər ücüzü bir göstərici olduğunu söyləmək çətindir, çünki Unibank ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov mart ayının əvvəlində jurnalistlərlə görüşündə Bankın likvidliyinin yüksək olduğunu və hətta pulu yerləşdirmək üçün real imkanlar olmadığını açıqlamışdı.
Vergi borcu 4,702 milyon olub
İlin əvvəlindən Bankın məcmu kapitalının həcmində 8% artım qeydə və beləliklə 87 milyon 545 min manata çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 57% və ya 32 milyon manat təşkil edib. Məcmu kapitalın gəlirliliyinə gəlincə bu, minimum 10%-ə qarşı 16,5% təşkil edib. “Unibank” 125 milyon manatlıq nizamnamə kapitalına malikdir.
Bankın pul hərəkətindən görünür ki, ümidsiz borcların qaytarılmasındakı aktivlik ötən ilin eyni dövrü ilə müqayisədə zəifləyib. Məsələn, 2019-cu ilin birinci rübündə bank 2 milyon 899 min manat həcmində pulunu geri qaytara bildiyi halda, bu ilin 3 ayında cəmi 845 min manatını "dirildib". Üstəlik, bankın vergi öhdəliyi də formalaşıb və təxirə salınmış vergi borcları 4 milyon 702 min manat olub.
Faiz gəliri 15 milyon manat!
"Unibank" bu ilin I rübünü 6 milyon 322 min manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 8 milyon 54 min manat zərərlə çıxmışdı.
Bu ilin yanvar-mart aylarında "Unibank"ın faiz gəlirləri 22 milyon manat, faiz xərcləri isə 7 milyon manat olub. Göründüyü kimi, bank əsasən depozitlərdən formalaşan verdiyi kreditlər üzrə 15 milyon manatlıq bir xeyirə malikdir. Bank valyuta əməliyyatlarından 1 milyon manat, haqq və komissiyalardan 4 milyon 552 min manat qazanıb və nəticədə qeyri-faiz gəlirləri 6 milyon manat olub. Ümumilikdə bankın gəlirləri 28 milyon 279 min manata çatıb ki, bu da illik müqayisədə 2,3% çoxdur. Bankın cəmi xərcləri 24 milyon 46 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə xərclərdə artım 9,3% çoxdur. Bankın xüsusi ehtiyatlarında isə 2 milyon 503 min manatı var. Bank mənfəət vergisi ödəməyib və nəticədə xalis mənfəəti 6 milyon 322 min manat olub.