Bank

ABB ötən 6 ayda əhalidən 242 milyon manata yaxın əlavə borc götürüb - HESABAT

Azərbaycanın sistem əhəmiyyətli dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2025-ci ilin yanvar-iyun aylarını 155 milyon 472 min manat xalis mənfəətlə başa vurub. Bu ötən ilin eyni dövrü (172 milyon 392 min manat) ilə müqayisədə 9,8 % azdır. Mənfəətin azalmasının əsas səbəbi isə Bankın depozitlərə ödənilən faiz xərclərinin 88% artması ilə bağlıdır.

ABB birinci yarımil üzrə hesabatların bir qismini açıqlamadığından, xüsusən də “Pul hərəkəti” hesabatını adəti üzrə həmişə daha sonra yerləşdirdiyindən, ENA.az mövcud rəqəmlərə istinadən bir sıra detalları diqqətinizə təqdim edir.

Gəlirləri 25,1%...

Beləliklə, dövlət bankının cəmi gəlirləri 730 milyon 627 min manatdır.2024-cü ilin altı ayında bu 583 milyon 765 min manat idi. Yəni, 25,1% artım var.

Gəlirlərin 531 milyon 721 min manatı faiz gəlirləridir və yerigəlmişkən 394 milyon 354 min manatı verilən kreditlər üzrə faizlərdən formalaşıb. Müqayisə aparsaq, faiz gəlirləri 2025-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 21,6% və ya 94 milyon 459 min manat  artıb.

Qeyri-faiz gəlirləri isə 198 milyon 952 min manatdır. Bu gəlirlərin 125 milyon 454 min manatı haqq və komissiyaların və 38 milyon 960 min manatı valyuta mübadiləsi əməliyyatlarındanəldə olunub. ABB-nin qeyri-faiz gəlirləri isə həmin dövrdə 52 milyon 450 min manat və ya 35,8% artıb.

Xərcləri 45,9 % artıb!

Bankın xərcləri cəmi 466 milyon 170 min manatdır. 2024-cü ildə bu xərclər 319 milyon 610 min manat olub. Beləliklə, illik müqayisədə 146 milyon 560 min manat və ya 45,9 % böyüyüb. Cəmi xərclərin içində faiz xərcləri 181 milyon 830 min manat, qeyri-faiz xərcləri 284 milyon 339 min manatdır.

Ötənilki dövr ilə müqayisədə faiz xərcləri 88,1% və ya 85 milyon 168 min manat artıb. Xüsusən də depozitlər üzrə faiz xərcləri 2,1 dəfə və ya 83 milyon 481 min manat çoxalıb. Səbəb isə əksər banklarda olduğu kimi manatın bahalaşması fonunda depozitlər üzrə faizlərin yüksəlməsi olub. Qeyri-faiz xərcləri isə 61 milyon 392 min  manat və ya 27,5% artıb və burada əsas amil əmək haqqı fondunun böyüməsidir.

Nəticədə ABB-nin əməliyyat mənfəəti 2025-ci ilin ilk yarısında 256 milyon 383 min manat təşkil edib. Yəni 2024-cü ilin eyni dövründəkindən (258 milyon 570 min manat) cəmi 0,8 və ya 2 milyon manat az!

Ehtiyatda pulunu çoxaldıb

Bəs, təmiz mənfəətin 9,8% azalmasında əsas faktorlar nədir, deyə soruşsanız, mənfəət-zərər hesabatı göstərir ki, Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 11 milyon manat artıraraq 65 milyon 910 min manata çatıb. Kredit portfelindəki artımı nəzərə alsaq, bu gözləniləndir. Büdcəyə ötən il 31 milyon manat vergi ödədiyi halda, bu il 35 milyon manat köçürüb ki, bu da mənfəətin azalmasında rol oynayır.  

Aktivlər nəyin hesabına böyüyüb? 

ABB-nin cəmi aktivləri 2025-ci ilin ilk yarısında ötən ilin sonu ilə müqayisədə 418 milyon 073 min manat və ya 3,1% artaraq 30 iyun 2025-ci tarixində 14 milyard 47 milyon  23 min manata çatıb. O cümlədən, Bank müştərilərə verdiyi borcun həcmini 291 milyon 856 min manat və ya 4,6% artıraraq 6 milyard 642 milyon 657 min manata yüksəldib.

Bankın biznes kreditləri portfeli 131 milyon 262 min manat artaraq 3 milyard 240 milyon 508 min manata, ipoteka kreditləri portfeli 31 milyon 850 min manat artaraq 1 milyard 474 milyon 697 min manata yüksəlib.

ABB, digər banklar və digər maliyyə institutlarındakı depozitlərini 2 dəfə artıraraq 793 milyon 469 min manata çatdırıb. Görünür, ABB, Azərbaycan Mərkəzi Bankı və digər dövlət fondlarından aldığı 1 milyard 343 milyon 972 min manat həcmində borcun bir hissəsini digər banklara daha yüksək faizlə depozit kimi yerləşdirib.

Əhalidən borclanması artıb

2025-ci ilin ilk yarısında ABB-nin cəmi öhdəlikləri 12 milyard 44 milyon manat olub. Bu ötənilkindən 465 milyon manat çoxdur. Öhdəliklərin tərkibində depozit portfeli 9 milyard 68 milyon manat təşkil edir. Fiziki şəxslərin depozitləri 241 milyon 597 min manat artaraq 2 milyard 990 milyon 731 min manata yüksəlib. Hüquqi şəxslərin hesablarında isə 6 milyard 77 milyon manat mövcuddur. Azərbaycan Mərkəzi Bankı və digər dövlət fondlarından aldığı 1 milyard 343 milyon 972 min manat həcmində borcun həcmində də artım qeydə alınıb. Borc qiymətli kağızlarının həcmi isə 100 milyon manatdır.

Bölüşdürülməmiş mənfəətdən "xərcləyib"

30 iyun 2025-ci il tarixinə ABB 2 milyard 3 milyon manat cəmi kapitala malikdir. Bu ötənilkindən 47 milyon manat azdır. Azalma isə bölüşdürülməmiş mənfəətdə qeydə alınan kiçilmə ilə bağlıdır. Belə ki, bankın 2024-cü ilin sonuna 485 milyon 585 min manat bölüşdürülməmiş mənfəəti vardısa, bu ilin yanvar-iyun aylarının sonuna 441 milyon 57 min manata düşüb.

Bank 1 milyard 706 milyon 841 min manat məcmu kapitala malik olub. I dərəcəli kapitalın  adekvatlıq əmsalı minimal 6.5%-ə qarşı 16,98%, məcmu kapitalın  adekvatlıq  əmsalı minimal 12.5%-ə qarşı  18,62 faiz təşkil edib.

200 milyon manat divident ödəyib

Həmçinin qeyd edək ki, ABB ASC-nin Səhmdarlarının növbəti Ümumi Yığıncağının 07.05.2025-ci il tarixli qərarına əsasən, Bankın 2024-cü ildə əldə edilmiş mənfəətindən 200 milyon manat məbləğində vəsait Bankın səhmdarlarına dividend şəklində ödənilib. Dividendlərinin 184,4 milyon manatı dövlət büdcəsinə ödənilib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)