Geyim və ayaqqabıların qiymətlərində fərq olacaqmı? – AÇIQLAMA
Nazirlər Kabineti yanında Operativ Qərargah tərfindən qəbul edilmiş qərara əsasən, 27 apreldən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılacaq. Yeni qərara əsasən geyimvə ayaqqabı mağazalarının fəaliyyətinə icazə veriləcək.
Maraqlıdır, tələbat artımı süni qiymət artımına səbəb ola bilərmi?
Bununla bağlı sualları Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov cavalandırıb.
Deputat bu tip məhsullara tələbin artmadığı qənaətindədir:
“Adətən karantin rejimində bu tip məhsullara tələb yüksək olmur. Digər ölkələrin də təcrübəsi pandemiyanın aktiv olduğu dövrdə insanların qeyri-ərzaq məhsullarına deyil, ərzaq məhsullarına tələbinin artdığını göstərir. Eyni zamanda, geyim və ayaqqabı mağazalarının anbarlarında kifayət qədər mal-məhsul var. Çünki həmin mağazalar uzun müddətdir işləmədiyindən həmin mallar anbarlarda qalıb. Digər tərəfdən, mağazalar əllərində olan malları uyğun qiymətə satmaqda daha çox maraqlıdırlar”.
Parlamentarinin sözlərinə görə süni qiymət artımının olması daha çox növbəti mərhələlərdə gözlənilir:
“Xüsusilə həmin malları idxal etdiyimiz ölkələrin ixrac imkanları məhdudlaşarsa, həmin ölkələrdə istehsal azalarsa, yaxud həmin malların Azərbaycana gətirilməsində problem yaranarsa, o zaman sahibkarlar müəyyən qiymət artımına gedə bilər. Amma bütün hallarda indiki dövrdə vətəndaşların gəlirlərilə yanaşı, həm də xərclərinin tənzimlənməsi və optimallaşdırılması çox vacibdir.
Bununla yanaşı, aidiyyatı qurumlar tərəfindən monitorinqlər aparılmalıdır və güman edirəm ki, aparılacaq. Monitorinqlərdə sahibkarlar tərəfindən süni şəkildə qiymət artımına getdikləri müəyyənləşərsə, o zaman mövcud qanunvericilik çərçivəsində tədbirlər görülcək. İndiki halda bizim qiymətləndirmələr göstərir ki, geyim və ayaqqabı məhsullarına tələbin artması müşahidə olunmur. Bu konteksdən də qiymətlərdə fərq olacağını gözləmirik”.